Şərqşünas alim regional konfransda Azərbaycanın birgəyaşayış mədəniyyətinin tarixi əsaslarından danışıb
Bakı, 6 oktyabr, AZƏRTAC
AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun direktor müavini dosent Elnur Mustafayev Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Göygöl şəhərində “Birgəyaşayış mədəniyyəti cəmiyyətin mənəvi dayağı kimi” mövzusunda keçirilən regional konfransda “Azərbaycan birgəyaşayış mədəniyyətinin fəlsəfi və ictimai əsasları (tarixi mənbələr əsasında)” adlı elmi məruzə ilə çıxış edib.
İnistitutdan AZƏRTAC-a bildirilib ki, məruzədə Azərbaycanın fəlsəfi və ictimai fikrində birgəyaşayış mədəniyyətinin tarixi əsasları geniş təhlil olunub.
Qeyd edilib ki, bu mədəniyyətin formalaşması çoxəsrlik tarixi, dini, sosial və mədəni proseslərin qarşılıqlı təsiri nəticəsində baş verib. Ölkəmizin əlverişli coğrafi mövqeyi, müxtəlif sivilizasiyaların qovşağında yerləşməsi, ticarət-mədəni əlaqələrin genişlənməsi, eləcə də fərqli dini və etnik icmaların əsrlər boyu bir arada yaşaması zəngin birgəyaşayış təcrübəsini şərtləndirib.
Tarixi dövrlərdə müxtəlif dini icmaların hüquqi və sosial vəziyyətinin fərqli olduğunu nəzərə almağın birgəyaşayış təcrübəsinin obyektiv qiymətləndirilməsi üçün vacibliyini vurğulayan şərqşünas alim Azərbaycanın orta əsr fəlsəfi irsində birgəyaşayış mədəniyyətinin mənəvi əsasları ilə səsləşən mühüm ideyaların mövcud olduğunu bildirib: “Nizami Gəncəvinin yaradıcılığında ədalət, humanizm, mərhəmət və sosial məsuliyyət, Nəsirəddin Tusinin fəlsəfəsində əxlaqi kamillik, ictimai həmrəylik və ədalətli münasibətlər, İmadəddin Nəsiminin poeziyasında insanın mənəvi mahiyyəti və özünüdərki, Məhəmməd Füzulinin əsərlərində isə sevgi, mərhəmət və mənəvi həssaslıq kimi məsələlər ön plana çıxır”.
XIX əsr Azərbaycan maarifçiliyində cəmiyyətin inkişafı, təhsilin yayılması, dini və sosial münasibətlərin tənqidi təhlili, ictimai məsuliyyət və müasirlik məsələləri yeni məzmun qazandığını deyən məruzəçi Azərbaycan fəlsəfi və ictimai fikrində birgəyaşayış mədəniyyətinin əsaslarının ədalət, insan ləyaqətinə hörmət, mərhəmət, mənəvi kamillik, maarifçilik, qarşılıqlı anlaşma və ictimai məsuliyyət kimi dəyərlərlə səciyyələndiyini söyləyib. O, bu dəyərlərin müxtəlif tarixi dövrlərdə fərqli formalarda ifadə olunsa da, bir qisminin müasir cəmiyyətdə mədəniyyətlərarası dialoqun, sosial həmrəyliyin və dinc münasibətlərin nəzəri-metodoloji əsaslarının işlənib-hazırlanması üçün böyük əhəmiyyət daşıdığını bildirib.