“Azərpoçt” rəsmisi: Beynəlxalq əməkdaşlıq poçt sektorunun inkişafının təməlini təşkil edir
Bakı, 7 oktyabr, AZƏRTAC
Beynəlxalq əməkdaşlıq poçt sektorunun transformasiyasının əsas istiqamətlərindən biridir.
AZƏRTAC xəbər verir ki, bunu “Azərpoçt” MMC-nin İdarə Heyəti sədrinin vəzifələrini icra edən Manaf Babayev Bakıda keçirilən “PostEurop” Baş Assambleyası və Biznes Forumunun açılışında deyib.
M.Babayev bildirib ki, qlobal poçt sektorunda baş verən mürəkkəb proseslərin heç bir operator tərəfindən təkbaşına idarə edilməsi mümkün deyil: “Heç bir operator qlobal mürəkkəblikləri təcrid olunmuş şəkildə idarə edə bilməz. Həqiqi tərəqqi ortaq təcrübəyə, strateji tərəfdaşlıqlara və qarşılıqlı etimada əsaslanır. Bu isə bütövlükdə poçt ekosistemini gücləndirir”.
O qeyd edib ki, “PostEurop” Baş Assambleyası üzv təşkilatlar arasında strateji dialoq, fikir mübadiləsi və birgə qərarların qəbul edilməsi baxımından mühüm platformadır: “Baş Assambleya üzv təşkilatlar arasında strateji dialoq və qərarların qəbul edilməsi üçün mühüm əhəmiyyət kəsb edir”.
“Azərpoçt”un tədbirə ev sahibliyi etməsinin xüsusi əhəmiyyət daşıdığını deyən M.Babayev qeyd edib: “Əminik ki, Bakıda keçirilən bu tədbir məhsuldar dialoqa, innovativ təşəbbüslərə və peşəkar əlaqələrin daha da möhkəmlənməsinə imkan yaradacaq”.