Elena Fernandez-Rodriguez: Azərbaycanın “PostEurop” Baş Assambleyasına ev sahibliyi etməsi böyük məsuliyyətdir
Bakı, 7 oktyabr, AZƏRTAC
Azərbaycanın paytaxtında hər birinizi salamlamaq mənim üçün böyük məmnuniyyətdir. “PostEurop”un (Avropa Poçtu) Baş Assambleyasına ev sahibliyi etmək Azərbaycan üçün böyük və mühüm məsuliyyətdir.
AZƏRTAC xəbər verir ki, bunu Bakıda keçirilən “PostEurop” Baş Assambleyası və Biznes Forumunun açılışında çıxışı zamanı “PostEurop” təşkilatının İdarə Heyətinin sədri Elena Fernandez-Rodriguez deyib.
O, “PostEurop”un bütün komandası adından tədbir iştirakçılarına səmimi salamlarını çatdırıb, tədbirin iştirakçılar üçün Azərbaycanı yaxından tanımaq və burada yeni peşəkar əlaqələr qurmaq baxımından da əhəmiyyətli olduğunu qeyd edib.
“Poçt sektorunda müxtəlif ölkələrin təcrübələri və regional xüsusiyyətləri əməkdaşlıq üçün mühüm baza yaradır. Coğrafi mövqe, regional miqyas və milli təcrübələr fərqli olsa da, poçt sektorunun iştirakçılarını ümumi məqsədlər birləşdirir”.
“PostEurop” sədrinin sözlərinə görə, beynəlxalq əməkdaşlıq və təcrübə mübadiləsi poçt sektorunun qarşıdakı dövrdə inkişafı baxımından mühüm əhəmiyyət daşıyır.
O vurğulayıb ki, Baş Assambleya üzv təşkilatların bir araya gəlməsi, fikir mübadiləsi aparması və ümumi inkişaf istiqamətlərini müəyyənləşdirməsi üçün mühüm platformadır.