Kamran Qasımov: “Yaradıcı Filmaton” kimi layihələr gənclərin gələcək kino fəaliyyəti üçün mühüm başlanğıcdır
Bakı, 6 oktyabr, AZƏRTAC
Mədəniyyət Nazirliyi, nazirliyin tabeliyindəki Azərbaycan Respublikası Kino Agentliyi (ARKA) və “Yaradıcı Mərkəz”in birgə təşkilatçılığı ilə həyata keçirilən “Yaradıcı Filmaton” layihəsi bir sıra mühüm xüsusiyyətləri ilə seçilir. Bu layihəni ölkədə Azərbaycan Respublikası Kino Agentliyi tərəfindən peşəkar səviyyədə keçirilən pitçinqlərə aparan prosesin ilkin mərhələlərindən biri kimi qiymətləndirmək olar. Burada, əslində, gənclərin gələcək fəaliyyət istiqamətlərini və potensialını müşahidə etmək imkanı qazandıq.
Bunu AZƏRTAC-a açıqlamasında rejissor, prodüser Kamran Qasımov deyib.
O bildirib ki, gənclər yeni ideyalar irəli sürür və yeniliklər yaratmağa cəhd göstərirlər. Bu layihə onların gələcək peşəkar kino fəaliyyətində atdıqları ilk addımlardan biridir və bu addımlar kifayət qədər uğurludur. Təqdim olunan mövzuların hamısı olmasa da, müəyyən hissəsi mühüm əhəmiyyət daşıyırdı.
“Bu proses çərçivəsində biz, müəyyən mənada, gənclərin gələcək fəaliyyətləri üçün potensialını da dəyərləndirirdik. Gələcəkdə bu istiqamətdə fəaliyyət göstərəcək şəxslərin hansı meyarlara cavab verməsi, mövzuya necə yanaşması və öz ideyalarını hansı formada təqdim etməsi bizim üçün vacib idi. Burada həvəskar kinematoqrafçılar da iştirak edirdilər. Onların hələ həvəskar mərhələsində olmalarına baxmayaraq, bu insanlar son dərəcə vacibdir. Çünki məhz onlar gələcəyin peşəkarlarıdır. Ona görə də hesab edirəm ki, belə layihələrin sayı artırılmalıdır", - deyə o diqqətə çatdırıb.
Onun sözlərinə görə, "Yaradıcı Filmaton” kimi layihələr gənclərin gələcək kino fəaliyyəti üçün mühüm başlanğıcdır. Ən əsası isə, gənclər müasir kinematoqrafiyanın tələblərini nəzərə alır və öz ideyalarını bu tələblərə uyğun şəkildə formalaşdırmağa çalışırlar. Bu isə çox vacib məqamdır.