Manaf Babayev: Poçt sektoru sürətli transformasiya mərhələsindədir
Bakı, 7 oktyabr, AZƏRTAC
Poçt sektorunda baş verən sürətli dəyişikliklər operatorlardan daha çevik və innovativ yanaşmalar tələb edir.
AZƏRTAC xəbər verir ki, bu sözləri “Azərpoçt” MMC-nin İdarə Heyəti sədrinin vəzifələrini icra edən Manaf Babayev Bakıda keçirilən “PostEurop” Baş Assambleyası və Biznes Forumunun açılışında deyib.
O qeyd edib ki, elektron ticarətin sürətli inkişafı, rəqəmsal transformasiya, sifarişdənsonrakı logistika proseslərinin dəyişməsi və istehlakçı gözləntilərinin artması poçt sektoru üçün yeni imkanlar yaradır.
“Azərpoçt”un əsas missiyasının insanlar, müəssisələr və icmalar arasında əlaqələrin təmin edilməsi olduğunu bildirən M.Babayev deyib ki, geniş infrastruktur şəbəkəsi sayəsində poçt operatorları müxtəlif yaşayış məntəqələri və icmalar arasında mühüm əlaqələndirici rol oynayır: “Biz maliyyə və rəqəmsal xidmətlərə çıxışı genişləndirir, kənd yerləri ilə regional icmalar arasında mühüm əlaqələrin qurulmasına töhfə veririk”.
M.Babayev “Azərpoçt”un strateji inkişafının ənənəvi poçt operatorundan müasir xidmət və logistika tərəfdaşına çevrilməyə yönəldiyini diqqətə çatdırıb: “Bizim məqsədimiz və həllərimiz əlçatanlığı, sürəti və xidmət keyfiyyətini optimallaşdırmaqla müştərilərə daha səmərəli həllər təqdim etməkdir”.