Məcnun Məmmədov: "Aqrar sahə haqqında" qanun layihəsi problemlərin həllinə yönəlib
Bakı, 7 oktyabr, AZƏRTAC
Müzakirəyə çıxarılan "Aqrar sahə haqqında" qanun layihəsinin məqsədi aqrar qanunvericiliyimizdə uzun illər hiss olunan boşluğu aradan qaldırmaqdır. İndiyədək bu sahə taxıl, çay, pambıq kimi ayrı-ayrı məhsullar üzrə qəbul edilən qanunlarla tənzimlənib. Həmin qanunlar öz dövründə müəyyən rol oynasa da, sahəni bütövlükdə əhatə edən baza qanun bu günədək yoxdur. Yəni sahənin subyektlərini, dövlətin vəzifələrini və dəstək alətlərini müəyyən edən vahid akt qəbul olunmayıb. Nəticələr isə praktikada aydın görünür.
AZƏRTAC xəbər verir ki, bunu kənd təsərrüfatı naziri Məcnun Məmmədov Milli Məclisdə “Aqrar sahə haqqında” qanun layihəsinə dair ictimai dinləmədə çıxışı zamanı deyib.
O qeyd edib ki, "fermer", "aqrar məhsul istehsalçısı", "ilkin emal" kimi əsas anlayışların vahid tərifi olmadığından dövlət dəstəyinin və vergi güzəştlərinin tətbiqində mübahisələr yaranır. Subsidiya mexanizmləri əsasən müəyyən hüquqi qüvvəli aktlarla tənzimlənir, istehsalçılar arasında səmərəliliyə görə fərq qoyulmur. Layihə bu problemlərin sistemli həllinə yönəlib. İlk növbədə 47 əsas anlayış qanun səviyyəsində vahid sistem şəklində təsbit olunur. İlkin emalla sənaye emalı arasındakı sərhəd konkret texnoloji əməliyyatlarla müəyyən edilir. Bununla dəstəyin hansı fəaliyyətə şamil olunduğu sualına dəqiq cavab verilir.
“Digər mühüm yenilik dövlət dəstəyi ilə bağlıdır. Aqrar məhsul istehsalçıları sahibkarlıq məqsədli fermerlər və ailə-kəndli təsərrüfatlarını əhatə edən digər istehsalçılar olmaqla iki kateqoriyaya ayrılır. Subsidiyadan güzəştli kreditə, sığortadan dövlət-özəl tərəfdaşlığına qədər 12 dəstək aləti ilk dəfə qanunda sadalanır. Dəstək informasiya sistemindəki məlumatlar və istehsalçıların reytinqi əsasında göstəriləcək. Reytinq iqtisadi səmərəliliyi və vəsaitin təyinatı üzrə istifadəsini qiymətləndirir. Bu o deməkdir ki, dövlət vəsaiti real nəticə göstərən istehsalçıya yönələcək”, - deyə nazir vurğulayıb.
Fotoqraf - Aydın Məmmədov