Küveyt rəsmisi: Yalnız texniki imkanlar itkin düşmüş şəxslər məsələsini həll edə bilməz
Bakı, 7 oktyabr, AZƏRTAC
İtkin düşmüş şəxslər məsələsi sərhədləri aşır, müxtəlif münaqişələrlə və humanitar böhranlarla üzləşən cəmiyyətlərə təsir göstərir. Hər bir itkin şəxsin arxasında çox vaxt uzun illər ərzində cavab gözləyən bir ailə dayanır. Buna görə də bu məsələnin həlli yalnız texniki və ya hüquqi məsuliyyət məsələsi deyil. Bu, insan ləyaqətinə və ailələrə cavab vermək istiqamətində ümumi öhdəliyimizə əsaslanan humanitar zərurətdir.
AZƏRTAC xəbər verir ki, bunu Küveytin xarici işlər nazirinin köməkçisi Saad Al- Adsani Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının təşkilatçılığı ilə “İtkin düşmüş şəxslər probleminin həllində etimadın gücləndirilməsi və effektiv mexanizmlərin inkişaf etdirilməsi" mövzusunda Bakı Dialoqu formatında IV beynəlxalq konfransda çıxış edərkən deyib.
Onun sözlərinə görə, kriminalistika elmi, DNT texnologiyaları və məlumatların idarəolunması sistemləri, eləcə də beynəlxalq əməkdaşlıq sahəsində mühüm irəliləyişlər əldə olunsa da, təcrübə dəfələrlə göstərib ki, yalnız texniki imkanlar itkin düşmüş şəxslər məsələsini həll edə bilməz: "Səmərəli cavab tədbirlərinin təməlində etimad dayanır. Etimad hökumətlərə və institutlara əməkdaşlıq etməyə, məlumatları məsuliyyətlə mübadilə etməyə, icmalarla qarşılıqlı əlaqə qurmağa və ailələri həqiqətin müəyyənləşdirilməsi üçün bütün mümkün səylərin göstərildiyinə inandırmağa imkan verir. Etimad olmadan hətta ən müasir və təkmil mexanizmlər belə əhəmiyyətli nəticələr əldə etməkdə çətinlik çəkir".