Azərbaycanlı alimin Qarabağ iqtisadiyyatına dair monoqrafiyası “Scopus”da indekslənib
Bakı, 7 oktyabr, AZƏRTAC
Azərbaycanlı alim, iqtisad üzrə fəlsəfə doktoru, dosent Nərgiz Hacıyevanın Qarabağda işğal dövründə formalaşmış qanunsuz iqtisadi fəaliyyətlərin və qeyri-leqal bazarların siyasi-iqtisadi təhlilinə həsr olunmuş monoqrafiyası dünyanın aparıcı elmi-bibliometrik bazalarından biri olan “Scopus”da indekslənib.
AZƏRTAC xəbər verir ki, “Qarabağın işğalı dövründə iqtisadi fəaliyyətlər: işğal olunmuş iqtisadiyyatda onilliklər boyu mülkiyyətin istismarı üzrə nümunəvi tədqiqat (1992–2020) adlı monoqrafiyada Qarabağ ərazisində həyata keçirilmiş qanunsuz iqtisadi fəaliyyətlər sistemli şəkildə araşdırılıb.
Tədqiqatda işğal dövründə mövcud olmuş qeyri-qanuni idxal və ixrac əməliyyatları, mülkiyyət və təbii resursların istismarı, iqtisadi aktivlərin idarə olunması, qeyri-leqal bazar münasibətlərinin formalaşması və işğal iqtisadiyyatının fəaliyyət mexanizmləri siyasi iqtisad yanaşması əsasında təhlil edilir.
Monoqrafiyanın əsas elmi xüsusiyyətlərindən biri Qarabağ münaqişəsini yalnız siyasi və hərbi müstəvidə deyil, həm də işğal altında formalaşmış iqtisadi sistem və qeyri-leqal bazar münasibətləri kontekstində araşdırmasıdır. Müəllif bu çərçivədə uzunmüddətli işğal şəraitində mülkiyyətin istismarı, iqtisadi resursların istifadəsi və qanunsuz iqtisadi fəaliyyətlərin institusionallaşması proseslərini kompleks şəkildə nəzərdən keçirib.
Tədqiqat Qarabağ nümunəsi əsasında işğal olunmuş və münaqişədən təsirlənmiş ərazilərdə qeyri-leqal iqtisadi fəaliyyətlərin öyrənilməsi baxımından beynəlxalq elmi ədəbiyyata töhfə verməyi hədəfləyir.
Monoqrafiya 2026-cı ildə ABŞ-nin Nyu-York şəhərində fəaliyyət göstərən “Nova Science Publishers” nəşriyyatında çap olunub.
Əsərin “Scopus” bazasında indekslənməsi Qarabağda işğal dövrünün iqtisadi aspektləri, qanunsuz bazarlar, mülkiyyətin istismarı və işğal iqtisadiyyatı ilə bağlı aparılan Azərbaycan mənşəli elmi tədqiqatların beynəlxalq akademik dövriyyəyə daxil olması baxımından əhəmiyyətlidir.
Monoqrafiya siyasi iqtisad, münaqişə iqtisadiyyatı, qeyri-leqal bazarlar, işğal olunmuş ərazilərdə iqtisadi fəaliyyət, mülkiyyət hüquqları və postmünaqişə tədqiqatları ilə məşğul olan alim və mütəxəssislər üçün nəzərdə tutulub.