Mövlud Çavuşoğlu: İtkin düşmüş şəxslər məsələsi əməkdaşlıq, etimad və peşəkarlıq tələb edir
Bakı, 7 oktyabr, AZƏRTAC
Dünyanın müxtəlif bölgələrində baş vermiş münaqişələr yüz minlərlə insanın taleyinin naməlum qalmasına səbəb olub, ailələr və icmalar üçün dərin iztirablar yaradıb. Latın Amerikasından Balkanlara və Qafqaza, daha yaxın dövrdə isə Ukrayna, Qəzza və Sudana qədər itkin düşmüş şəxslər münaqişələrin ağrılı nəticələrindən biri olaraq qalır.
AZƏRTAC xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin üzvü, sabiq xarici işlər naziri Mövlud Çavuşoğlu Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının təşkilatçılığı ilə keçirilən “İtkin düşmüş şəxslər probleminin həllində etimadın gücləndirilməsi və effektiv mexanizmlərin inkişaf etdirilməsi” mövzusunda Bakı Dialoqu formatında IV beynəlxalq konfransda çıxışı zamanı deyib.
"Bizim beynəlxalq humanitar hüququmuz, bu məsələ ilə məşğul olan beynəlxalq təşkilatlar, humanitar mexanizmlər və vətəndaş cəmiyyəti təşəbbüslərimiz var. Lakin buna baxmayaraq, itkin düşmüş şəxslərin sayı artmaqda davam edir. Bu, beynəlxalq humanitar hüquqa hörmətin gücləndirilməsinin və mövcud mexanizmlərin həyata keçirilməsinin təkmilləşdirilməsinin nə qədər təcili olduğunu bir daha göstərir. İtkin düşmüş şəxslər məsələsi əməkdaşlıq, etimad və peşəkarlıq tələb edir. Lakin hər şeydən əvvəl, dərin humanitar mahiyyət daşıyan bu məsələyə siyasi bağlılıq tələb olunur. Humanitar aspekt bütün səylərimizin mərkəzində qalmalıdır. Ailələr üçün zamanın keçməsi sağalma gətirmir, cavablar gətirir. Sülh danışıqları və razılaşmalar hərbi əməliyyatlara son qoya bilər, lakin davamlı sülh barışıq tələb edir. Sülh nəticə etibarilə əzab çəkmiş insanların həyatına və yaşadıqları yerlərə çatmalıdır. Eyni dərsi dünyanın digər yerlərində də görmək mümkündür".