İdeoloji təhdidlərə qarşı müqavimət göstərmək bütün cəmiyyətin məsuliyyətidir - Rəy
Bakı, 7 oktyabr, AZƏRTAC
Azərbaycan öz təhlükəsizliyini ən yüksək səviyyədə qurmuş, ərazi bütövlüyünü və suverenliyini təminat altına ala bilmiş dövlətlər sırasındadır. Gələn ilin büdcəsində təkcə hərbi xərclər üçün 9 milyard manata yaxın vəsaitin nəzərdə tutulması Azərbaycan Ordusunun həm peşəkar bacarıqlarını yüksək səviyyədə saxlamağa, həm də modern texnologiya ilə təmin etməyə imkan yaradır. Eyni yanaşma daxili təhlükəsizlik məsələlərinə də aiddir. Azərbaycan yalnız regionda deyil, beynəlxalq miqyasda da daxili sabitliyin qorunduğu, əmin-amanlığın hökm sürdüyü ölkələrdən biridir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Mətbuat Şurasının İdarə Heyətinin üzvü Müşfiq Ələsgərli söyləyib.
O bildirib ki, hibrid təhdidlər, informasiya manipulyasiyaları və ideoloji təxribatlar, dünyanın digər dövlətləri kimi, Azərbaycan üçün də yeni çağırışlar yaradır. Sosial media platformalarının, generativ süni intellekt sistemlərinin və “deepfake” texnologiyalarının sürətli inkişafı, bunun fonunda informasiya manipulyasiyalarının daha geniş imkanlar qazanması cəmiyyətlər üçün ciddi risklər formalaşdırır. İnformasiya texnologiyaları dünya nizamına təsir göstərmək, yeni geosiyasi düzən formalaşdırmaq, öz maraqlarını təmin etmək istəyən dövlətlərin və hərbi-siyasi mərkəzlərin əlində təhlükəli alətə çevrilir. Yeni media alətlərinin imkanlarından istifadə etməklə ayrı-ayrı dövlətlərə, xalqlara və cəmiyyətlərə ciddi zərər yetirmək mümkündür.
“Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayında, eləcə də ötən ay Bakıda din xadimləri ilə görüşündə səsləndirdiyi fikirlər bu sahədə mövcud risklərin mahiyyətini aydın şəkildə ortaya qoyur. Cəmiyyətin müqəddəs saydığı dəyərlər, milli kimlik və əxlaq normaları da informasiya hücumlarının hədəfinə çevrilir, onların dəyərsizləşdirilməsinə yönəlmiş kampaniyalar həyata keçirilir. Azərbaycandan kənarda formalaşdırılan azərbaycandilli informasiya resursları vasitəsilə ölkəmizə qarşı bənzər təxribatların həyata keçirilməsi də bu kontekstdə qiymətləndirilməlidir.
Müşahidələr göstərir ki, milli dəyərlərdən uzaqlaşmış və yad təsirlərə məruz qalmış şəxslərin xarici ölkələrdə himayə olunması, onların adına media resurslarının yaradılması, həmin resursların maliyyələşdirilməsi və təşkilati baxımdan dəstəklənməsi təsadüfi hal daşımır. Xaricdə Azərbaycan dilində fəaliyyət göstərən belə informasiya resursları müəyyən hallarda ölkəmizin daxili işlərinə müdaxilə etmək niyyəti güdənlərin əlində vasitəyə çevrilir.
Xalq vahid ideya ətrafında birləşdikdə qarşıya qoydulan hədəflərə nail olmaq da asanlaşır
Sərhəd tanımayan, zaman və məkanla məhdudlaşmayan yeni media alətlərindən təxribat vasitəsi kimi istifadə edən mərkəzlərin əsas hədəflərindən biri yerli auditoriyadır. İnformasiya manipulyasiyaları vasitəsilə cəmiyyətdə çaşqınlıq yaratmaq, vətəndaşlarla milli dövlət arasında etimadsızlıq mühiti formalaşdırmaq və məhz belə bir şəraitdən istifadə etməklə müəyyən məqsədlərə nail olmaq bu taktikanın əsas elementlərindəndir.
Prezident İlham Əliyevin vurğuladığı kimi, Azərbaycan dövləti ona qarşı yönələn heç bir təxribatı və zərbəni cavabsız qoymayıb: “Bir zərbəyə 2, 5, 10 zərbə qaytarmaqla cavab verib. Bu, müstəqil siyasət yürüdən, öz gücünə güvənən, istənilən təhdidə cavab verməyi bacaran bir dövlətin siyasi doktrinasıdır”,-deyə M.Ələsgərli vurğulayıb.
O əlavə edib ki, hibrid təhdidlərin əsas hədəfi cəmiyyətlər olduğu üçün, təkcə dövlət qurumları deyil, cəmiyyət özü də onlara qarşı müqavimət göstərməyi bacarmalıdır. Cəmiyyətin özü də ideoloji və informasiya təhdidlərinə qarşı müqavimət göstərmək qabiliyyətinə malik olmalıdır. Bu baxımdan əsas vasitələrdən biri təhsil və media savadlılığının inkişafıdır. Dövlət media savadlılığının artırılması istiqamətində müxtəlif proqramlar həyata keçirdiyi kimi, vətəndaşlar da öz media savadlılıqlarını artırmağa maraq göstərməlidirlər. Cəmiyyətin təhsili, biliyi və informasiya savadlılığı nə qədər yüksək olarsa, yalan və dezinformasiyaların təsiri altına düşmək ehtimalı da bir o qədər azalar.
44 günlük Vətən müharibəsinin təcrübəsi də göstərdi ki, xalq vahid ideya ətrafında birləşdikdə, ümumi məqsəd və milli maraqlar ətrafında həmrəy olduqda qarşıya qoydulan hədəflərə nail olmaq da asanlaşır. Ermənistanın arxasında müxtəlif dövlətlərin və siyasi qüvvələrin dayanmasına baxmayaraq, bu amil Azərbaycanın öz milli məqsədlərini gerçəkləşdirməsinə mane ola bilmədi. Müasir dövrdə milli təhlükəsizliyin mühüm komponentlərindən biri də cəmiyyətin ideoloji dayanıqlılığıdır. Ordunun gücü ölkənin fiziki təhlükəsizliyinin təminatıdırsa, savadlı, milli dəyərlərinə bağlı və informasiya manipulyasiyalarını ayırd etməyi bacaran cəmiyyət onun ideoloji təhlükəsizliyinin əsas dayağıdır. Bu mənada ideoloji təhdidlərə qarşı müqavimət göstərmək yalnız dövlətin deyil, bütün cəmiyyətin məsuliyyətidir.