“PostEurop”un baş katibi: Poçt sektoru innovasiya, uyğunlaşma və dayanıqlı inkişaf üzərində qurulmalıdır VİDEO
Bakı, 7 oktyabr, AZƏRTAC
Poçt sektoru dəyişən qlobal şəraitə uyğunlaşmalı, daha səmərəli strategiyalar formalaşdırmalı və innovasiyalara açıq olmalıdır.
AZƏRTAC xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında “PostEurop”un (Avropa Poçtu) Baş katibi Botond Szebeny deyib.
O bildirib ki, Bakıda keçirilən “PostEurop”un Baş Assambleyası və Biznes Forumu poçt sektorunun qarşısında duran əsas məsələlərin müzakirəsi baxımından mühüm platformadır: “Biz sənaye olaraq daha yaxşı və səmərəli strategiyaya ehtiyac olduğunu görürük. Eyni zamanda, bu sektorun qarşısında duran çağırışlar da kifayət qədər ciddidir. Dünyada baş verən proseslərin insanlar üçün nə demək olduğunu hamımız yaxşı başa düşürük”.
Botond Szebeny təşkilatın fəaliyyətində innovasiya, uyğunlaşma, dayanıqlılıq və davamlı inkişafın mühüm yer tutduğunu vurğulayıb: “Platformamız innovasiya, uyğunlaşma, dayanıqlılıq və davamlı inkişaf prinsiplərinə əsaslanır. Biz anlayırıq ki, bütün bunlar poçt sektorunun gələcək inkişafı üçün vacibdir”.
O, Baş Assambleyanın Bakıda keçirilməsinin də bu baxımdan əhəmiyyətli olduğunu diqqətə çatdırıb: “Düşünürəm ki, Baş Assambleyanın Bakını seçməsi çox yaxşı qərardır. Bu şəhərin inkişafını, burada həyata keçirilən dəyişiklikləri və Azərbaycanın əldə etdiyi nəticələri görmək bizim üçün çox maraqlıdır”.
“PostEurop”un Baş katibi qeyd edib ki, poçt sektoru yalnız ənənəvi xidmətlərlə məhdudlaşmır və gələcəkdə yeni texnologiyalar, rəqəmsal platformalar və dəyişən müştəri gözləntiləri sektorun inkişafında daha böyük rol oynayacaq: “Keçmişə baxmaqla yanaşı, gələcəyə də diqqət yetirmək vacibdir. Bizim üçün əsas məsələ poçt sənayesinin gələcək dəyişikliklərə hazır olması və yeni imkanlardan səmərəli istifadə etməsidir”.