“ARB Günəş” “Laylay” klipini ictimaiyyətə təqdim edib
Bakı, 7 oktyabr, AZƏRTAC
“ARB Günəş” televiziyasının yeni layihəsi olan “Laylay” oktyabrın 7-də ictimaiyyətə təqdim olunub.
AZƏRTAC xəbər verir ki, DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində keçirilən təqdimat mərasimində həssas qruplara aid uşaq və yeniyetmələr layihənin ilk izləyiciləri sırasında yer alıblar.
Tədbirdə çıxış edən “ARB Günəş” televiziyasının direktoru, layihənin baş prodüseri Məhsim Məhsimov bildirib ki, layihənin əsas məqsədi Azərbaycan layla mədəniyyətini müasir ekran dili ilə təqdim etmək, milli-mədəni irsi yaşatmaq və gələcək nəsillərə çatdırmaqdır.
O qeyd edib ki, “ARB Günəş” olaraq uşaqların milli-mənəvi dəyərlərlə böyüməsinə xidmət edən layihələrə xüsusi önəm verirlər: “Məhz bu məqsədlə üç mövsüm ərzində “Yuxumuz şirin olsun” adlı proqram təqdim etdik. Proqram çərçivəsində səhnəmizin tanınmış simaları balaca tamaşaçılarımıza nağıllar söylədilər. Bununla da unudulmaz nağıl mədəniyyətimizə, nağıl ənənəmizə bir daha diqqət göstərildi. Bundan sonra qərara gəldik ki, laylalarımızla bağlı da bir layihə hazırlayaq”.
M.Məhsimov vurğulayıb ki, “Laylay” layihəsində Azərbaycan ailəsinin sevgisi, ana nəvazişi, nənə duası və milli-mənəvi dəyərlər ön plana çəkilir.
Ekran işinin çəkilişləri Azərbaycanın qədim və gözəl şəhərlərindən biri olan Şəkidə aparılıb. Şəhərin tarixi küçələri və memarlıq nümunələri, xalçaçılıq və kəlağayı sənəti, eləcə də füsunkar təbiəti mahnının emosional ovqatı ilə vəhdət təşkil edib.
Xalq artisti Gülyaz Məmmədova çıxışında “Laylay” əsərinin onun üçün xüsusi əhəmiyyət daşıdığını bildirib. O qeyd edib ki, layla Azərbaycan xalqının mənəvi yaddaşında mühüm yer tutur və bu ənənənin müasir formada təqdim olunması təqdirəlayiqdir. Sənətçi layihənin hazırlanmasında əməyi olan hər kəsə təşəkkürünü bildirib, “Laylay”ın milli musiqi irsimizin qorunmasına və gələcək nəsillərə çatdırılmasına töhfə verəcəyini vurğulayıb.
“Laylay” sözləri Xalq şairi Süleyman Rüstəmə, musiqisi isə görkəmli bəstəkar Şəfiqə Axundovaya məxsus eyniadlı sənət əsəri əsasında hazırlanıb. Layihənin ifaçıları Xalq artistləri Gülyaz və Gülyanaq Məmmədovalardır.
Layihənin quruluşçu rejissoru Vüsal Məmmədov, ssenari müəllifi Çimnaz Şixverdiyeva, quruluşçu operatoru Azər Sultanov, prodüseri Ramin Mustafayev, baş prodüseri isə Məhsim Məhsimovdur.
Tədbirdə çıxış edənlər uşaqların həyatı, hüquqları, duyğuları və milli dəyərlərlə böyüməsinin “ARB Günəş”in layihələrində xüsusi yer tutduğunu bildiriblər. Qeyd olunub ki, layihələr mövzu baxımından bir-birindən fərqlənsə də, milli-mənəvi dəyərlərin təbliği onları birləşdirən əsas xətdir.
Tədbirdə DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin fəaliyyəti barədə də məlumat verilib. Bildirilib ki, Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə yaradılan Mərkəz beş ildir həssas kateqoriyalardan olan şəxslərin cəmiyyətə inteqrasiyası və inklüziv dəyərlərin təşviqi istiqamətində ardıcıl və innovativ layihələr həyata keçirir.
Çıxışlardan sonra “Laylay” klipi ilk dəfə nümayiş etdirilib.
Layihənin gələcəkdə müxtəlif beynəlxalq festivallarda təqdim edilməsi nəzərdə tutulur.