“Qəlbin simfoniyası” - bəstəkar Fikrət Əlizadənin yubiley gecəsi
Bakı, 6 oktyabr, AZƏRTAC
Bakı Dövlət Universitetinin (BDU) Azərbaycan dilçiliyi kafedrasının dosenti, bəstəkar Fikrət Əlizadənin 75 illik yubileyinə həsr olunmuş “Qəlbin simfoniyası” adlı ədəbi-bədii gecə keçirilib.
BDU-dan AZƏRTAC-a bildirilib ki, tədbir yubilyarın həyat və yaradıcılığından bəhs edən videoçarxın nümayişi ilə başlayıb.
Sonra BDU-nun Ümumi dilçilik kafedrasının müdiri akademik Nizami Cəfərov bəstəkarla bağlı xatirələrini bölüşüb. Akademik öz çıxışında Fikrət Əlizadənin elmi-pedaqoji fəaliyyəti ilə yanaşı, yaradıcılıq uğurlarından söz açıb, onun yüksək elmi potensiala və özünəməxsus dəst-xətə malik sənətkar olduğunu vurğulayıb.
Milli Məclisin deputatı Fazil Mustafa və Azərbaycan Milli Konservatoriyasının kafedra müdiri Firidun Qurbansoy alimin Azərbaycan dilçiliyinə və musiqisinə verdiyi töhfələri yüksək qiymətləndiriblər.
Tədbir bədii proqramla davam edib.
Sonda bəstəkar Fikrət Əlizadə tədbirin təşkilində əməyi keçən hər kəsə və bütün qonaqlara təşəkkürünü bildirib.