YAP-ın VIII Qurultayı qarşıdakı mərhələnin əsas vəzifələrini müəyyənləşdirib - ŞƏRH
Bakı, 7 oktyabr, AZƏRTAC
Yeni Azərbaycan Partiyasının VIII Qurultayını əvvəlkilərdən fərqləndirən əsas cəhətlərdən biri partiyanın 34 illik fəaliyyətinə nəzər salınması ilə yanaşı, yeni mərhələ üçün prioritetlərin müəyyənləşdirilməsidir. Partiyanın Sədri, Prezident İlham Əliyevin qurultayda səsləndirdiyi manifest xarakterli məruzə YAP-ın yaranmasını şərtləndirən tarixi-siyasi zərurətlərə, keçdiyi inkişaf yoluna və qarşıda duran vəzifələrə aydınlıq gətirdi. Məruzədə Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi, dövlətçilik ənənələrinin qorunması və yeni çağırışlara uyğun siyasi kursun davam etdirilməsi ilə bağlı mühüm mesajlar səsləndirildi.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.
YAP-ın yarandığı ilk gündən Azərbaycanın ictimai-siyasi həyatında mühüm rol oynadığını xatırladan deputat bildirib ki, ölkənin yeni inkişaf mərhələsi, həmçinin regional və qlobal reallıqlar siyasi təşkilatların fəaliyyətinin müasir tələblərə uyğun şəkildə davam etdirilməsini şərtləndirir. Bu baxımdan, qurultayda qəbul edilən qərarlar və müəyyənləşdirilən vəzifələr YAP-ın qarşıdakı fəaliyyətinin əsas istiqamətlərini formalaşdırmaqla ölkənin inkişaf məqsədlərinə xidmət edəcək. Yeni mərhələdə partiyanın cəmiyyətlə əlaqələrinin daha da inkişaf etdirilməsi, xüsusilə gənclərlə işin müasir yanaşmalar əsasında davamı, ideoloji fəaliyyətin təkmilləşdirilməsi, ictimai dialoqun genişləndirilməsi və vətəndaşlarla işin daha da gücləndirilməsi əsas istiqamətlərdən olacaq.
“Azərbaycanın qarşısında Zəfərdən sonrakı dövrün yaratdığı yeni imkanlarla yanaşı, regional və qlobal proseslərin şərtləndirdiyi ciddi çağırışlar da dayanır. Qarabağ və Şərqi Zəngəzurda Böyük Qayıdışın davam etdirilməsi, işğaldan azad olunmuş ərazilərin bərpası və yenidən qurulması, iqtisadiyyatın şaxələndirilməsi, investisiyaların artırılması, yeni iş yerlərinin yaradılması və əhalinin rifahının yüksəldilməsi əsas istiqamətlərdəndir. Eyni zamanda, milli təhlükəsizliyin və müdafiə qabiliyyətinin möhkəmləndirilməsi, Azərbaycanın beynəlxalq mövqelərinin qorunması və milli maraqlarının təmin edilməsi də mühüm vəzifələr sırasındadır”, - deyə o əlavə edib.
M.İbrahimqızı bildirib ki, VIII Qurultay YAP-ın qarşıdakı fəaliyyətində daha çevik və müasir iş mexanizmlərinin formalaşdırılması üçün yeni imkanlar açır. Azərbaycanın qarşısında genişmiqyaslı quruculuq və inkişaf məqsədləri dayanır. Bu mərhələdə siyasi sabitliyin və dövlətçilik ənənələrinin qorunması, cəmiyyətlə əlaqələrin daha da möhkəmləndirilməsi ilə yanaşı, dünyada gedən mürəkkəb geosiyasi proseslərin yaratdığı imkanların düzgün qiymətləndirilməsi və milli inkişaf məqsədlərinə yönəldilməsi də mühüm əhəmiyyət daşıyır. Bu baxımdan, VIII Qurultayı YAP-ın 34 illik fəaliyyətinin ümumiləşdirildiyi və əldə olunan təcrübənin yeni mərhələnin tələbləri ilə uzlaşdırıldığı mühüm siyasi platforma kimi qiymətləndirmək olar. Qurultayda ölkənin və regionun qarşısında dayanan çağırışlar, yeni mərhələdə həyata keçirilməli vəzifələr, həmçinin partiyanın və onun hər bir üzvünün qarşısında duran məsuliyyətlə bağlı mühüm mesajlar səsləndirilib.
“Partiya sədrinin çıxışında işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən bərpa-quruculuq işlərinə də xüsusi diqqət yetirilib. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, ötən müddət ərzində bu ərazilərdə bərpa edilmiş yaşayış məntəqələrinə 96 min insan köçürülüb. Hazırda həmin insanlar burada yaşayır, çalışır və təhsil alırlar. Yaxın vaxtlarda bu göstəricinin 100 mini keçəcəyi gözlənilir.
İşğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işlərinin Azərbaycanın öz imkanları hesabına aparılması dövlətin bu istiqamətdə nümayiş etdirdiyi siyasi iradənin və iqtisadi imkanların göstəricisidir. Bu proses Qarabağ və Şərqi Zəngəzurun dayanıqlı inkişafının təmin edilməsi, əhalinin öz doğma torpaqlarına qayıdışının sürətləndirilməsi və həmin ərazilərin ölkənin sosial-iqtisadi həyatına tam inteqrasiyası məqsədi ilə uğurla davam etdirilir”, - deyə o vurğulayıb.