ÜST uşaqlarda piylənmə ilə mübarizədə preparatlar əvəzinə, həyat tərzini dəyişdirməyi tövsiyə edir
Bakı, 7 oktyabr, AZƏRTAC
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) azyaşlı uşaqlar arasında artan piylənmə ilə mübarizəyə yönəlmiş ilk qlobal təlimatlarında məşhur arıqlama dərmanları əvəzinə pəhriz və idmanı tövsiyə edib.
AZƏRTAC xəbər verir ki, UNICEF-ə görə, piylənmə ilk dəfə olaraq məktəbyaşlı uşaqlar və yeniyetmələr arasında qidalanmanın ən çox yayılmış nəticəsinə çevrilib və çəki çatışmazlığını ötüb.
ÜST bildirib ki, piylənmədən əziyyət çəkən 10-19 yaş arasında yeniyetmələr üçün arıqlama dərmanları nəzərdən keçirilə bilər, lakin yalnız nəzarətli müdaxilələrin təsirsiz olduğu sübut edildikdən sonra bu vasitədən istifadə məqsədəuyğundur. Bəyanatda əlavə edilib ki, altıaylıq uğursuz müalicədən sonra ağır piylənmə olan fiziki və zehni cəhətdən yeniyetmələr üçün bariatrik cərrahiyyə də nəzərdən keçirilə bilər. On yaşdan kiçik uşaqlar üçün isə piylənmə müalicəsi üçün dərmanlar, cərrahiyyə və ya ixtisaslaşmış cihazlar əvəzinə pəhriz, fiziki fəaliyyət və hərtərəfli davranış dəstəyi tövsiyə edilib, çünki onların təhlükəsizliyi və uzunmüddətli effektivliyi ilə bağlı narahatlıqlar var.
Gənc xəstələrdə çəki itkisi üçün artıq bir neçə GLP-1 inhibitoru təsdiqlənib. “Wegovy” və “Saxenda” ABŞ-də və Avropa İttifaqında 12 yaş və yuxarı bəzi yeniyetmələr tərəfindən istifadə edilə bilər. “Reuters” xəbər verir ki, Aİ, həmçinin altı yaşdan on bir yaşa qədər bəzi uşaqlara “Saxenda” preparatı satışını təsdiqləyib.
ÜST piylənmədən əziyyət çəkən uşaqlara və yeniyetmələrə qayğı göstərənlərin iştirakı ilə fərdiləşdirilmiş pəhrizlər, fiziki fəaliyyət və davranış müdaxiləsi proqramları hazırlamağı tövsiyə edir, nəzarət altında olan rəqəmsal dəstək isə könüllü hesab olunur.
Təşkilatın məlumatına görə, 2024-cü ildə 5 yaşdan 19 yaşa qədər təxminən 400 milyon insan piylənmədən və artıq çəkidən əziyyət çəkirdi. Bu yaş qrupunda piylənmənin yayılması 1990-cı ildən bəri dörd dəfə artıb.