Küveyt rəsmisi: İtkin düşmüş şəxslər məsələsini yalnız texniki imkanlar həll edə bilməz
Bakı, 7 oktyabr, AZƏRTAC
İtkin düşmüş şəxslər məsələsi sərhədləri aşır, müxtəlif münaqişələrlə və humanitar böhranlarla üzləşən cəmiyyətlərə təsir göstərir. Hər bir itkin şəxslə əlaqədar uzun illər ərzində intizarla cavab gözləyən bir ailə olur. Buna görə də bu problemin həlli yalnız texniki və ya hüquqi məsuliyyət məsələsi deyil. Bu, insanların, ailələrin intizarına son qoymaq istiqamətində ümumi öhdəliyimizə əsaslanan humanitar zərurətdir.
AZƏRTAC xəbər verir ki, bu sözləri Küveytin xarici işlər nazirinin köməkçisi Saad Al-Adsani Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının təşkilatçılığı ilə “İtkin düşmüş şəxslər probleminin həllində etimadın gücləndirilməsi və effektiv mexanizmlərin inkişaf etdirilməsi" mövzusunda Bakı Dialoqu formatında IV beynəlxalq konfransda çıxışında deyib.
Onun sözlərinə görə, kriminalistika elmi, DNT texnologiyaları və məlumatların idarəolunması sistemləri, həmçinin beynəlxalq əməkdaşlıq sahəsində mühüm irəliləyişlər əldə edilsə də, təcrübə dəfələrlə göstərib ki, itkin düşmüş şəxslər məsələsini yalnız texniki imkanlar həll edə bilməz.
"Səmərəli cavab tədbirlərinin təməlində etimad dayanır. Etimad hökumətlərə və institutlara əməkdaşlıq etməyə, məlumatları məsuliyyətlə mübadilə etməyə, icmalarla qarşılıqlı əlaqə qurmağa və ailələri həqiqətin müəyyənləşdirilməsi üçün bütün mümkün səylərin göstərildiyinə inandırmağa imkan verir. Etimad olmadan hətta ən müasir və təkmil mexanizmlərlə əhəmiyyətli nəticələr əldə etmək mümkün deyil".