Azərbaycan nümayəndələri MDB və ŞƏT ölkələrinin antiterror forumunda iştirak edirlər
Bakı, 7 oktyabr, AZƏRTAC
Minskdə Terrorizmlə Mübarizə üzrə IV Forum açılıb. Tədbirə MDB-nin terrorizm və ekstremizmə qarşı mübarizə üzrə konfransı, ŞƏT Regional Antiterror Strukturunun beynəlxalq elmi-praktik konfransı və terrorizmə qarşı birgə mübarizə təlimi daxil olacaq.
AZƏRTAC xəbər verir ki, tədbirdə 300-dən çox nümayəndə iştirak edir. İştirakçılar mövcud və ortaya çıxan təhdidlərə, o cümlədən terror təşkilatları ilə transmilli və sərhədyanı cinayətkarlıq arasındakı əlaqələrə qarşı mübarizə tədbirləri üzrə təcrübə mübadiləsi aparacaqlar.
Konfransda 18 dövlətin səlahiyyətli orqanlarının, MDB və ŞƏT strukturlarının, BMT və İnterpol da daxil olmaqla beynəlxalq təşkilatların, həmçinin təhsil və elm müəssisələrinin, o cümlədən Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətinin Heydər Əliyev adına Akademiyasının nümayəndələri iştirak edirlər.
Gündəliyə internetdə terrorçu və ekstremist məzmunun müəyyən edilməsi və bloklanması, dövlət qurumları ilə texnologiya şirkətləri arasında qarşılıqlı əlaqə, terror təşkilatlarının fəaliyyətinin monitorinqi və süni intellektdən istifadə məsələləri də daxildir. Forumda MDB və ŞƏT Regional Antiterror Strukturunun konfransları, oktyabrın 8-də isə “Avrasiya-Antiterror-2026” birgə təlimi keçiriləcək.