Meyvə tullantılarından ekoloji inhibitorların hazırlanması istiqamətində tədqiqat aparılır
Bakı, 7 oktyabr, AZƏRTAC
Elm və Təhsil Nazirliyi Kimya İnstitutunda adi karbonlu poladların korroziyadan və erroziyadan mühafizəsi məqsədilə bəzi elementlərin karbidləri əsasında davamlı örtüklər formalaşdırılıb.
Bu barədə AZƏRTAC-a müsahibəsində institutun Kompozissiya örtüyü materialları və korroziyadan mühafizə laboratoriyasının müdiri dosent Hilal Tahirli məlumat verib.
O bildirib ki, bu təbəqənin poladlar üzərində formalaşması nəticəsində poladın korroziya sürətini 100, hətta 1000 dəfə azaltmaq olar. Bunlar korroziyaya və sürtünməyə qarşı olduqca davamlı materiallardır. Laboratoriya rəhbərinin sözlərinə görə, örtüyün 20-30 mikron qalınlığında olması belə poladın korroziya baxımından aqressiv mühitdə uzun illər istismarına imkan verə bilər. Laboratoriyada son 10 il ərzində respublika ərazisindəki hidrotexniki qurğuların korroziya vəziyyətinin monitorinqi aparılıb və alınan nəticələrin hesabatı Nazirlər Kabinetinə təqdim edilib. Qeyd olunan işlərin işğaldan azad edilmiş ərazilərdəki hidrotexniki qurğularda aparılması nəzərdə tutulur. H.Tahirli əlavə edib ki, laboratoriyada korroziyadan mühafizə üçün ekoloji baxımdan daha təhlükəsiz inhibitorların hazırlanması istiqamətində də yeni tədqiqatlar aparılır. Bu məqsədlə meyvə tullantılarından, o cümlədən nar, portağal, limon və mandarin qabıqlarından istifadə edilməsi nəzərdə tutulur.
“Biz son vaxtlar bu məqsəd üçün meyvə tullantılarından istifadə etməyə çalışırıq. Nar qabığından, həmçinin portağal, limon, mandarin qabıqlarından və zeytun yarpaqlarından da istifadə etməklə inhibitorlar hazırlamaq fikrinə düşmüşük. Bunun üzərində bizdə bir qrup işləyir”, - deyə alim bildirib.
Onun sözlərinə görə, tədqiqatçılar meyvə tullantılarından lazımi maddələri ekstraksiya yolu ilə əldə edir, daha sonra həmin maddələri məhlullara daxil etməklə metalın korroziya sürətinə təsirini öyrənirlər: “Bu, yeni istiqamətdir. Meyvə tullantılarından müxtəlif məhsulların alınması istiqamətində dünyada işlər aparılır. Məsələn, Braziliyada sitrus meyvələrinin tullantılarından spirt alınır və avtomobillərdə yanacaq kimi istifadə olunur. Lakin həmin tullantılardan metalların korroziyadan mühafizəsi üçün inhibitorların alınması yeni istiqamətdir. Biz bu istiqamətə yaxın vaxtlarda başlamışıq və ümid edirəm ki, işimiz uğurlu olacaq”.