İtkin düşmüş azərbaycanlıların taleyinin müəyyənləşdirilməsi daim dövlətin diqqət mərkəzindədir – ŞƏRH
Bakı, 7 oktyabr, AZƏRTAC
Ermənistan torpaqlarımızın işğalı dövründə xalqımıza qarşı çoxsaylı cinayətlər törədib. Azərbaycana qarşı hərbi təcavüz zamanı dinc insanlar kütləvi qətlə yetirilib, girov götürülüb, eləcə də yaşayış məntəqələri tamamilə dağıdılıb. Eyni zamanda, müharibə dövründə itkin düşmüş minlərlə azərbaycanlının taleyi bugünədək məlum deyil.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Samir Vəliyev söyləyib.
Deputat bildirib ki, Ermənistanın Azərbaycana qarşı otuz ildən artıq davam edən hərbi təcavüzü nəticəsində uşaqlar, qadınlar və ahıllar da daxil olmaqla, 4010 azərbaycanlı itkin düşmüş şəxs kimi qeydə alınıb. Təəssüf ki, Beynəlxalq Qızıl Xaç Komitəsinin bu illər ərzində fəaliyyəti nəticə verməyib. Vətən müharibəsində qazandığımız tarixi Zəfər və torpaqlarımızın işğaldan azad edilməsi isə itkin düşmüş vətəndaşlarımızın axtarışı üçün yeni imkanlar açıb. Hazırda Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası fəaliyyətini daha da genişləndirərək itkin düşmüş vətəndaşların yerinin müəyyənləşdirilməsi, kütləvi məzarlıqların aşkar edilməsi məqsədilə intensiv tədbirlər həyata keçirir.
Onun sözlərinə görə, torpaqlarımız işğaldan azad edildikdən sonra həmin ərazilərdə kütləvi məzarlıqlar aşkar olunmaqdadır. Ümumilikdə isə indiyədək 32 kütləvi məzarlıq aşkar edilib. Həmin məzarlıqlarda basdırılmış insanlar Birinci Qarabağ müharibəsində itkin düşənlərdir. Onların bəzilərinin kimliyi müəyyənləşdirilərək ailələrinə təhvil verilib və dəfn olunublar. Hazırda işğaldan azad edilmiş ərazilərimizdə bu istiqamətdə davamlı olaraq işlər aparılır. Eyni zamanda, dövlətimiz bu problem barədə mütəmadi olaraq dünya ictimaiyyətini məlumatlandırır, beynəlxalq konfranslar keçirir.
Samir Vəliyev qeyd edib ki, Bakıda “İtkin düşmüş şəxslər probleminin həllində etimadın gücləndirilməsi və effektiv mexanizmlərin inkişaf etdirilməsi” mövzusunda IV Beynəlxalq Konfransın keçirilməsi də bunun göstəricisidir. Prezident İlham Əliyevin konfrans iştirakçılarına müraciətində deyildiyi kimi, itkin düşmüş şəxslərin axtarışlarının səmərəliliyi dəqiq məlumatların əldə olunmasından bilavasitə asılıdır. Ermənistan itkin düşmüş azərbaycanlıların taleyi, kütləvi və fərdi dəfn yerləri barədə bütün məlumatları təqdim etməli, müvafiq arxivlərin açılmasına və şahid ifadələrinin toplanmasına şərait yaratmalıdır. Bu, hüquqi öhdəlik və humanitar məsuliyyət olmaqla yanaşı, sülhə sadiqliyin əməli ifadəsi, qarşılıqlı etimadın möhkəmləndirilməsinə töhfə olardı. İnsan talelərinə aid məlumatlar siyasi şərtləndirmə predmeti olmamalıdır. Müraciətdə, həmçinin vurğulanıb ki, əsir və girovların beynəlxalq təşkilatlardan gizlədilməsi, işgəncə ilə öldürülməsi və cinayətlərin izlərinin ört-basdır edilməsi beynəlxalq hüququn kobud şəkildə pozulmasıdır. Bu əməllərə hüquqi qiymət verilməlidir.
“Bakıda keçirilən beynəlxalq konfransın məqsədi yalnız müzakirələrlə kifayətlənməmək, etimadı və əməkdaşlığı gücləndirən, ailələrin həqiqəti bilmək hüququnun təmin olunmasına xidmət edən, məlumat mübadiləsini asanlaşdıran, həmçinin müasir məhkəmə-tibbi, DNT və texnoloji imkanların tətbiqini genişləndirən praktiki və dayanıqlı mexanizmlərin formalaşdırılmasına töhfə verməkdir. İtkin düşmüş həmvətənlərimiz unudulmur və onların taleyinin müəyyənləşdirilməsi daim dövlətin diqqət mərkəzindədir. Azərbaycan bundan sonra da bu istiqamətdə bütün imkanlarını səfərbər edəcək”, – deyə o əlavə edib.