İƏT nümayəndəsi: Ailələrin yaxınlarının taleyi barədə məlumat almaq hüququ fundamental humanitar prinsipdir
Bakı, 7 oktyabr, AZƏRTAC
İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Müstəqil Daimi İnsan Hüquqları Komissiyası Bakı Dialoqunun itkin düşmüş şəxslərlə bağlı məsələyə beynəlxalq diqqətin davamlılığını təmin etməsini, həmçinin dövlətləri, beynəlxalq təşkilatları, ekspertləri və ailələri bu ümumi humanitar məqsəd ətrafında bir araya gətirməsini yüksək qiymətləndirir.
AZƏRTAC xəbər verir ki, bunu sözügedən komissiyanın sədr müavini Hacı Ali Açıkgül Bakı Dialoqu formatında IV beynəlxalq konfrans çərçivəsində keçirilən plenar sessiyada çıxış edərkən deyib.
O bildirib ki, itkin düşmə nəticəsində yaranan iztirab hərbi əməliyyatlar başa çatdıqda bitmir. Bu iztirab ailənin süfrəsindəki boş yerdə, cavabsız suallarda və digər formalarda özünü göstərməkdə davam edir.
”İtkin şəxslərin ailələri çox vaxt illərlə, hətta onilliklərlə ümid və kədər arasında qalırlar. Emosional iztirabdan əlavə, onlar vərəsəlik, əmlak, ailə vəziyyəti, pensiyalar və dövlət xidmətlərinə çıxışla bağlı ciddi hüquqi, inzibati, sosial və iqtisadi çətinliklərlə üzləşə bilərlər. Ailələrin yaxınlarının taleyi və harada olması barədə məlumat almaq hüququ fundamental humanitar və insan hüquqları prinsipidir. Bu hüquq siyasi danışıqlardan və ya daha geniş mübahisələrin həllindən asılı vəziyyətə salınmamalıdır", - deyə Hacı Ali Açıkgül vurğulayıb.