BMT-nin nümayəndəsi: İtkin şəxslərin axtarışı humanitar xarakter daşımalıdır VİDEO
Bakı, 7 oktyabr, AZƏRTAC
“İtkin düşmüş şəxslər probleminin həllində etimadın gücləndirilməsi və effektiv mexanizmlərin inkişaf etdirilməsi" mövzusu münaqişələrin ən uzunmüddətli humanitar nəticələrindən birinə birbaşa toxunur. İtkin düşmə nəticəsində yaranan iztirab şəxsin yoxa çıxması ilə bitmir. Ailələr üçün qeyri-müəyyənlik çox vaxt illərlə, bəzən isə onilliklərlə davam edir. Onlar yaxınlarının taleyi və harada olması ilə bağlı cavabsız suallarla yaşamağa davam edirlər.
AZƏRTAC xəbər verir ki, bunu Birləşmiş Millətlər Təşkilatının (BMT) Məcburi və ya Məcburi Olmayan İtkinlər üzrə İşçi Qrupunun üzvü Məhəmməd Al Obaidi Bakı Dialoqu formatında IV beynəlxalq konfrans çərçivəsində keçirilən plenar sessiyada çıxış edərkən deyib.
"İtkin şəxslər yeganə qurbanlar deyil. Onların ailələri də uzunmüddətli qeyri-müəyyənliyin və cavabsız sualların nəticələrindən əziyyət çəkirlər. Məsələnin mahiyyətində itkin şəxslərin taleyinin müəyyənləşdirilməsi, ailələrin itkin yaxınlarının taleyi və harada olması barədə məlumatlandırılması, müvafiq hallarda itkin düşmənin şəraiti ilə bağlı həqiqətin müəyyənləşdirilməsi və cavabların təqdim edilməsi dayanır. Bu, yalnız humanitar zərurət deyil, həm də beynəlxalq insan hüquqları və humanitar hüquq çərçivəsində mövcud öhdəliklərə əsaslanır. Bu prinsip Ermənistan və Azərbaycan arasındakı münaqişə kontekstində də xüsusi əhəmiyyət daşıyır. İşçi Qrupunun son illərdəki hesabatında qeyd edildiyi kimi, 1990-cı illərin əvvəllərindəki münaqişədən qalan itkin düşmə halları hələ də həllini tapmayıb. Bir çox ailə hadisələrdən onilliklər keçməsinə baxmayaraq, hələ də cavab axtarır. 2020-ci ilin hərbi əməliyyatları və sonrakı hadisələr taleyi hələ də müəyyən edilməyən bütün şəxslərin aqibətinin və harada olduğunun aydınlaşdırılmasının vacibliyini bir daha göstərib. Zamanın keçməsi ailələrin humanitar ehtiyaclarını azaltmır. Əksinə, bu, səylərin davamlı şəkildə göstərilməsinin, həqiqətin müəyyənləşdirilməsinin, məlumatların qorunmasının və identifikasiya proseslərinin dəstəklənməsinin nə qədər vacib olduğunu göstərir. Bütün bu səylərə bir prinsip rəhbərlik etməlidir: İtkin şəxslərin axtarışı humanitar xarakter daşımalı və siyasiləşdirilməməlidir. BMT vurğulayıb ki, itkin şəxslər məsələsinin insan hüquqları və beynəlxalq humanitar hüquq baxımından mühüm nəticələri var. İtkin şəxslərin taleyi və harada olduğunun aydınlaşdırılması istiqamətində səylər münaqişənin siyasi həllindən asılı olmamalıdır", - deyə o vurğulayıb.