Müqayisəli iqtisadi tədqiqatlarda yeni metodoloji yanaşmalar təqdim edilib – elmi seminar
Bakı, 7 oktyabr, AZƏRTAC
Oktyabrın 7-də Elm və Təhsil Nazirliyi İqtisadiyyat İnstitutunun növbəti daimi elmi seminarı keçirilib.
Seminarda İqtisadiyyat İnstitutunun baş direktoru professor Nazim Müzəffərli “Müqayisəli iqtisadi tədqiqatlarda ikiqütblü ölçmələr: qeyri-səlis yanaşma və genişləndirilmiş normallaşdırma” mövzusunda təqdimatla çıxış edib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, professor təqdimatında müqayisəli iqtisadi tədqiqatlarda ölçmə və qiymətləndirmə metodologiyasından, qeyri-səlis yanaşmaların tətbiqindən, iqtisadi göstəricilərin 0-1 intervalında normallaşdırılmasının mahiyyətindən və əhəmiyyətindən bəhs edib. O, iqtisad elmləri doktorları Allahyar Muradov və Rəsmiyyə Abdullayeva ilə birgə apardığı tədqiqatlarda istifadə olunan hesablama metodologiyası və onun əsas meyarlarını diqqətə çatdırıb. Qeyri-səlis hesablama və qeyri-səlis məntiqin iqtisadi proseslərin təhlili və qiymətləndirilməsində tətbiqi imkanları, eləcə də bu yanaşmalar əsasında əldə olunan nəticələr barədə məlumat verilib.
Məruzədə iqtisadi göstəricilərin [0,1] intervalında qiymətləndirilməsi, qeyri-səlis qiymətləndirmə və genişləndirilmiş normallaşdırmanın metodoloji xüsusiyyətləri, həmçinin əldə olunan nəticələrin linqvistik interpretasiyası məsələləri təhlil olunub. Eyni zamanda, İqtisadiyyat İnstitutunda ölkələr və regionlar üzrə aparılan müqayisəli tədqiqatlarda tətbiq olunan metodoloji yanaşmalar təqdim edilib. Bu çərçivədə iqtisadiyyatın liberallıq-dirijistlik balansının qiymətləndirilməsi istiqamətində aparılan araşdırmalar, o cümlədən Bilik iqtisadiyyatının liberallıq (dirijistlik) indeksi, Sosial müdafiə sisteminin liberallıq (dirijistlik) indeksi, İnformasiya sisteminin liberallıq (dirijistlik) indeksi, Xarici iqtisadi əlaqələrin liberallıq (dirijistlik) indeksi və Qiymətqoymanın liberallıq (dirijistlik) indeksi barədə məlumat verilib. Bununla yanaşı, Azərbaycan bölgələrinin müqayisəli qiymətləndirilməsi ilə bağlı tədqiqatların nəticələri seminar iştirakçılarının diqqətinə çatdırılıb.
Təqdimatdan sonra məruzə ətrafında fikir mübadiləsi aparılıb, iştirakçıların sualları cavablandırılıb və mövzu ilə bağlı elmi-metodoloji məsələlər müzakirə edilib.
Hibrid formatda təşkil olunan seminarda institutun əməkdaşları ilə yanaşı, Nazirlər Kabinetinin, İqtisadiyyat, Elm və Təhsil, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərinin, Dövlət Statistika Komitəsinin, Auditorlar Palatasının və digər iqtisadiyönümlü dövlət qurumlarının nümayəndələri, həmçinin ölkənin aparıcı universitetlərinin və elmi-tədqiqat institutlarının alim və tədqiqatçıları iştirak ediblər.