Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb
Bakı, 7 oktyabr, AZƏRTAC
Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin növbəti iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, komitə sədri Sadiq Qurbanov gündəliyə üç məsələnin daxil edildiyini bildirib.
İlk növbədə, “Azərbaycan Respublikasının Hökuməti ilə Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının, Kioto Protokolunun və Paris Sazişinin katibliyi arasında İqlim Həftəsi-4 və Adaptasiya Komitəsinin 30-cu iclası barədə Anlaşma Memorandumu”nun təsdiq edilməsi haqqında qanun layihəsi müzakirəyə təqdim edilib. Bildirilib ki, qanun layihəsi Azərbaycanın beynəlxalq iqlim gündəliyi üzrə fəaliyyətinin davam etdirilməsi və BMT-nin aidiyyəti qurumları ilə əməkdaşlığın daha da inkişaf etdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.
Sonra komitə sədri “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” və “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi (üçüncü oxunuş) haqqında danışıb. O, dəyişikliklərin balıqçılıq sahəsində dövlət nəzarətinin daha operativ və davamlı həyata keçirilməsinə, eləcə də aqrar sektorda ətraf mühitə təsirin qiymətləndirilməsi (ƏMTQ) ilə bağlı öhdəliklərin riskəsaslı yanaşma və konkret kəmiyyət meyarları əsasında müəyyənləşdirilməsinə xidmət edəcəyini vurğulayıb.
Gündəliyin sonuncu məsələsi - Mülki Məcəlləsində, “Kredit İttifaqları haqqında”, “Büdcə sistemi haqqında”, “Fitosanitar nəzarəti haqqında” və “Ekoloji təmiz kənd təsərrüfatı haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) ilə bağlı məlumat verən Sadiq Qurbanov qeyd edib ki, sənəd “Aqrar sahə haqqında” qanun layihəsinə uyğun hazırlanıb və həmin qanunda nəzərdə tutulan normaların, eləcə də istifadə edilən anlayışların aidiyyəti sahəvi qanunvericilik aktlarında öz əksini tapmasını nəzərdə tutur.
Müzakirələrdən sonra təqdim olunan qanun layihələrinin hamısı Milli Məclisin plenar iclasına tövsiyə edilib.