Ekspert: Müəllim üçün geyim standartı vahid forma demək deyil
Bakı, 7 oktyabr, AZƏRTAC
Nazirlər Kabinetinin dövlət ümumi təhsil müəssisəsində təhsilverənlər üçün geyimlə bağlı tələbləri təsdiq etməsi müəllimlərin geyimində müəyyən standartların formalaşdırılması baxımından əhəmiyyətlidir. Yeni tələblər təhsil müəssisələrində vahid geyim formasının tətbiqini deyil, təhsilverənlərin geyim seçiminin müəyyən edilmiş standartlara uyğunlaşdırılmasını nəzərdə tutur.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında təhsil eksperti Ramin Nurəliyev deyib. Ekspert bildirib ki, beynəlxalq təcrübəyə nəzər saldıqda, təhsili inkişaf etmiş ölkələrin əksəriyyətində təhsilverənlərin geyimi ilə bağlı müəyyən standartların tətbiq edildiyi müşahidə olunur. Bu cür yanaşma təhsil mühitinin formalaşdırılması, sosial bərabərliyin qorunması və müəllimlərin peşəkar görünüşünün təmin olunması baxımından əhəmiyyət daşıyır. Müəllimlərin geyimində müəyyən standartların olması tədris prosesində diqqətin əsas məqsəddən yayınmasının qarşısının alınmasına da kömək edə bilər. Müəllimin sərbəst geyim seçimi bəzən təhsilverənlər arasında fərqliliyin yaranmasına, eləcə də şagirdlərin diqqətinin tədrisdən kənar məqamlara yönəlməsinə səbəb ola bilər.
“Orta ümumtəhsil məktəblərində müəllim müəyyən edilmiş standartlar çərçivəsində tədris prosesinə cəlb olunmalıdır. Burada əsas məqsəd müəllimlər üçün vahid geyim formasının tətbiqi deyil, müəyyən edilmiş tələblərə uyğun geyim tərzinin formalaşdırılmasıdır. Bu baxımdan Nazirlər Kabinetinin qəbul etdiyi qərar həm tədris mühitinə, həm də müəllim-şagird münasibətlərinə müsbət təsir göstərə bilər. Kişi təhsilverənlər üçün kostyum, pencək, uzunqol və ya qısaqol köynəkdən istifadə nəzərdə tutulur. Qalstukdan istifadə isə məcburi xarakter daşımır və müəllimin istəyindən asılıdır. İdman ayaqqabılarından tədris prosesində əsasən fiziki tərbiyə dərsləri zamanı istifadə olunması nəzərdə tutulur. Digər fənn müəllimlərinin isə bu cür ayaqqabılardan istifadə etməməsi tövsiyə edilir. Laboratoriya dərslərində isə tədris mühitinin xüsusiyyətlərinə uyğun geyimdən istifadə mümkündür”, - deyə ekspert qeyd edib.
Qadın müəllimlər üçün nəzərdə tutulan tələblərdən danışan ekspert bildirib ki, burada da vahid geyim forması tətbiq edilmir: “Qadın təhsilverənlər ətək, şalvar, pencək və uyğun koftalardan istifadə edə bilərlər. Ətəyin dizdən aşağı olması, geyimin isə dünyəvilik prinsipinə uyğun seçilməsi əsas tələblər sırasında yer alır: Burada əsas məsələ geyimin rəngi və ya formasının tamamilə eyniləşdirilməsi deyil. Müəllimlər müxtəlif rənglərdə və fərqli geyim kombinasiyalarında seçim edə bilərlər. Sadəcə bu seçim müəyyən edilmiş standartlardan kənara çıxmamalıdır. Yəni təhsilverənlər üçün sərbəst geyim imkanı saxlanılır, lakin həmin sərbəstlik təsdiq edilmiş tələblər çərçivəsində olmalıdır”.
Ekspertin fikrincə, müəllimlərin müəyyən olunmuş qaydalara əməl etməsi şagirdlər üçün də nümunə formalaşdıra bilər. Müəllimin məktəbdə müəyyən olunmuş standartlara riayət etməsi şagirdlərin də qaydalara münasibətinə təsir göstərərək təhsil müəssisələrində nizam-intizamın möhkəmlənməsinə töhfə verə bilər. Müəllimlərin geyimində müəyyən standartların tətbiqi təhsilverənin peşəkar imicinin formalaşdırılması ilə yanaşı, ümumi təhsil müəssisələrində sağlam və sistemli təhsil mühitinin yaradılmasına da xidmət edə bilər.