Aşıq Hüseyn Saraçlının 110 illiyinə həsr olunmuş beynəlxalq elmi konfrans təşkil ediləcək
Bakı, 7 oktyabr, AZƏRTAC
Oktyabrın 8-də Azərbaycan Milli Elmlər Akademiyasında Əməkdar mədəniyyət işçisi, ustad aşıq Hüseyn Saraçlının anadan olmasının 110 illiyinə həsr edilmiş “Aşıq yaradıcılığı: təşəkkülü, inkişaf mərhələləri və müasir istiqamətləri” mövzusunda beynəlxalq elmi konfrans keçiriləcək.
Konfransın məsul katibi, filologiya üzrə fəlsəfə doktoru Müşfiq Borçalı AZƏRTAC-a bildirib ki, tədbir Mədəniyyət Nazirliyi, AMEA, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu, Nəsimi adına Dilçilik İnstitutu, Folklor İnstitutu və Azərbaycan Aşıqlar Birliyinin birgə dəstəyi ilə təşkil olunur. Tədbirin plenar iclası AMEA-nın Mərkəzi Elmi Kitabxanasının Akademiklər zalında keçiriləcək. Daha sonra konfrans öz işini 8 bölmədə davam etdirəcək.
Onun sözlərinə görə, aşıq sənəti poeziya, musiqi və ifaçılıq məharətini özündə birləşdirməklə milli kimliyin qorunmasında və təbliğində mühüm rol oynayır. Aşıq sənətinin tədqiqi, təbliği və gələcək nəsillərə çatdırılması Azərbaycan mədəniyyətinin inkişafı baxımından xüsusi əhəmiyyət daşıyır. Aşıq yaradıcılığı söz, saz və sənət vəhdətini özündə birləşdirən, Azərbaycan xalqının əsrlər boyu formalaşmış tarixi yaddaşını, zəngin mənəvi-mədəni irsini, milli dəyərlərini, adət-ənənələrini və dünyagörüşünü nəsildən-nəslə ötürən mühüm mədəni hadisədir. Müşfiq Borçalı qeyd edib ki, beynəlxalq elmi konfransda Azərbaycan aşıq sənətinin inkişafında Ustad Aşıq Hüseyn Saraçlının rolu, onun lirik və epik yaradıcılığının semantik strukturu, Borçalı aşıq məktəbinin mövqeyi, Hüseyn Saraçlının ustadlıq fenomeni, dastan yaradıcılığı, yaradıcılığında Borçalı toponimləri, sənətkarlıq xüsusiyyətləri, dil, üslub və folklor motivləri kimi mövzular araşdırılacaq.
Müşfiq Borçalı bildirib ki, beynəlxalq elmi konfransda 100-dən çox məruzənin dinlənilməsi və müzakirəsi nəzərdə tutulur. Konfransda Azərbaycan alimləri ilə yanaşı, Gürcüstan Elmlər Akademiyasının, Şota Rustaveli adına Gürcü Ədəbiyyatı İnstitutunun, Türkiyənin Çanaqqala Onsekiz Mart Universitetinin, Erzincan Binali Yıldırım Universitetinin, Bursa Uludağ Universitetinin, Ərdahan Universitetinin alimləri, eləcə də Almaniya, Bolqarıstan və digər ölkələrdən olan tədqiqatçılar iştirak edəcəklər.
Tədbirin Ustad Aşıq Hüseyn Saraçlının zəngin yaradıcılıq irsinin daha dərindən araşdırılması, Azərbaycan aşıq sənətinin elmi-nəzəri aspektlərinin öyrənilməsi və beynəlxalq elmi-mədəni əlaqələrin genişləndirilməsi baxımından əhəmiyyətli olacağı gözlənilir.