İsfar Sarabski: “Baku Jazz Festival” kimi tədbirlər daha çox keçirilməlidir
Bakı, 7 oktyabr, AZƏRTAC
Musiqi festivalları ölkə üçün vacibdir. Çünki bu, ilk növbədə, sənətçilərin görüşüdür, musiqi ilə maraqlanan auditoriyadır. Festival həmişə maraqlı olur və “Baku Jazz Festival” kimi tədbirlər daha çox keçirilməlidir.
Bu sözləri tanınmış caz pianoçusu və bəstəkar, Əməkdar artist İsfar Sarabski XXI “Baku Jazz Festival” çərçivəsində keçirilən konsert zamanı AZƏRTAC-ın müxbiri ilə söhbəti zamanı deyib.
Caz ifaçısı “Elektra Events Hall” konsert məkanında Bakı Caz Festivalının təsisçisi, saksofonçu Rain Sultanovla birlikdə Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin müşayiəti ilə çıxış edib.
İ.Sarabski Azərbaycan cazının özünəməxsusluğunu qeyd edib.
“Bizdə cazın olması çox vacibdir. Bu irs bizə möhtəşəm musiqiçilərimizdən, böyük sənətçilərimizdən qalıb. Prinsip etibarilə, bizim məşğul olduğumuz da budur – bu üslubu inkişaf etdirməyə çalışırıq”, – deyə müsahibimiz vurğulayıb.
O, “Baku Jazz Festival-2026” festivalının açılışında iştirakından aldığı təəssüratları da bölüşüb.
“Dəvət olunanlar arasında olduğum üçün çox şadam. Təəssüf ki, çıxış cədvəlimin sıx olması səbəbindən bəzi festivallarda iştirak edə bilməmişəm. Lakin bu dəfə belə bir imkan ələ düşdü və əlbəttə ki, məmnuniyyətlə razılaşdım. Açılışda çıxış etmək mənim üçün çox maraqlıdır” – deyə Əməkdar artist əlavə edib.
XXI Bakı Caz Festivalı oktyabrın 3-dən 11-dək Bakı şəhərində, eləcə də paytaxtdan kənarda keçirilir. Bu il festivalda 10-dan çox ölkədən sənətçilər iştirak edirlər. Caz həvəskarlarını rəngarəng konsertlər, film nümayişi və cem-seyşnlar gözləyir. Festivalın son iki günü açıq havada – İçərişəhərdə, “Qız qalası”nın yaxınlığında keçiriləcək. Açıq havada keçiriləcək konsertlərə giriş sərbəstdir.