Layiqli əmək sosial rifahın əsas şərtidir - BDU-da dəyirmi masa
Bakı, 7 oktyabr, AZƏRTAC
Bakı Dövlət Universitetində (BDU) Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə 7 Oktyabr – Ümumdünya Layiqli Əmək Gününə həsr olunmuş dəyirmi masa keçirilib.
BDU-dan AZƏRTAC-a bildirilib ki, tədbirin əsas məqsədi layiqli əməyin əhəmiyyəti, əmək hüquqlarının qorunması, işçilər üçün təhlükəsiz və əlverişli əmək şəraitinin yaradılması, sosial ədalət və məşğulluq məsələləri ətrafında fikir mübadiləsi aparmaq olub.
Dəyirmi masada BDU-nun Sosial iş kafedrasının müdiri dosent Üzeyir Şəfiyev, Hüquq fakültəsinin dekan müavini Nərmin Həsənli, Sosial elmlər və psixologiya fakültəsinin dekan müavini Nəzakət Kərimova çıxış ediblər. Çıxışlarda layiqli əməyin insan həyatında, eləcə də cəmiyyətin sosial-iqtisadi inkişafında mühüm rolu diqqətə çatdırılıb. Əmək hüquqlarının təmin olunmasının sosial rifahın əsas şərtlərindən biri olduğu vurğulanıb.
Tədbirdə əmək bazarında baş verən dəyişikliklər, işçilərin hüquqlarının müdafiəsi, gənclərin məşğulluğunun dəstəklənməsi və müasir əmək münasibətlərinin formalaşdırılması ilə bağlı məsələlər də müzakirə olunub. Qeyd edilib ki, layiqli əmək yalnız məşğulluğun təmin edilməsi ilə məhdudlaşmır. Bu anlayış təhlükəsiz və sağlam iş şəraitinin yaradılmasını, sosial müdafiəni, bərabər imkanların təmin edilməsini və əmək hüquqlarının qorunmasını da özündə ehtiva edir.
Dəyirmi masa qarşılıqlı fikir mübadiləsi və müzakirələrlə davam edib.