Macarıstanın sonuncu inqilab qəhrəmanı Pongraç Andraş vəfat edib
Budapeşt, 7 oktyabr, AZƏRTAC
Macarıstanın 1956-cı il inqilabının iştirakçısı, Korvin məhəlləsinin əfsanəvi döyüşçülərindən olan Pongraç Andraş 88 yaşında vəfat edib.
AZƏRTAC xəbər verir ki, azadlıq mübarizəsinin sonuncu tanınmış qəhrəmanlarından olan Andraş uzunsürən xəstəlikdən sonra oktyabrın 6-da evində, ailə üzvlərinin əhatəsində dünyasını dəyişib. Tarixdə “Doqquz Pongraç qardaşı” kimi tanınan ailənin altı üzvü 1956-cı ildə sovet işğalına qarşı silahlı mübarizədə fəal iştirak edib. Andraş həmin qardaşların həyatda qalan sonuncu nümayəndəsi idi. İnqilab amansızlıqla yatırıldıqdan sonra edam təhlükəsi ilə üzləşən Andraş ABŞ-yə mühacirət edib. O, onilliklər ərzində xaricdə macar icmalarının qorunub saxlanılmasına böyük töhfələr verib, müxtəlif mədəni tədbirlər və tamaşalar təşkil edib.
Macarıstanda siyasi sistem dəyişdikdən sonra Andraş hər il vətəninə qayıdır və vaxtilə döyüşdüyü Korvin məhəlləsindəki anım mərasimlərində yaxından iştirak edirdi. Onun xalq qarşısında sonuncu çıxışı 2023-cü il oktyabrın 23-də “Corvin köz” məkanında baş tutub.
“Mi Hazánk Mozgalom” hərəkatının sədr müavini Novak Elöd bildirib ki, Pongraç Andraş ölkə tarixinə verdiyi böyük töhfələrə baxmayaraq, heç vaxt rəsmi dövlət təltifi almayıb. Partiya inqilabçını öz ölüsü elan edib. Onun xatirəsi oktyabrın 23-də Korvin məhəlləsində keçiriləcək rəsmi anım mərasimində top atəşləri ilə yad olunacaq. Təşkilatçılar, həmçinin mərasimdə Andraşın nəvəsinin də çıxış edəcəyinə ümid bəsləyirlər.