Milli Kitabxanada “İstiqlal söhbətləri” kitabının təqdimatı olub
Bakı, 7 oktyabr, AZƏRTAC
Azərbaycan Milli Kitabxanasında professor Şirməmməd Hüseynovun “İstiqlal söhbətləri” kitabının təqdimat mərasimi keçirilib.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, tədbirdə çıxış edən Milli Kitabxananın direktoru, professor Kərim Tahirov Şirməmməd Hüseynovun Azərbaycan jurnalistikası tarixinin görkəmli tədqiqatçısı, alim və pedaqoq kimi fəaliyyətindən bəhs edib, onun jurnalistikanın tanınmış simalarının irsinin araşdırılmasına, elmi kadrların yetişdirilməsinə və gənc jurnalistlərdə milli dəyərlər, vətəndaşlıq və obyektivlik prinsiplərinin formalaşdırılmasına verdiyi töhfələri vurğulayıb.
Professor Kərim Tahirov “İstiqlal söhbətləri” kitabının Şirməmməd Hüseynovun Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ərəfəsində Əməkdar jurnalist Mirşahin Ağayevlə ANS TV və Real TV-də apardığı canlı söhbət və müsahibələr, eləcə də “YouTube”da yayımlanmış səs yazılarının mətnləri əsasında hazırlandığını, bu söhbətlərdə Azərbaycanın son iki əsrlik tarixində baş vermiş mühüm hadisələr, milli istiqlal ideyasının təşəkkülü, dövlətçilik ənənələrimiz və milli mətbuatın bu proseslərdəki rolu barədə alimin dəyərli fikirlərinin öz əksini tapdığını qeyd edib.
AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli kitabın bir sıra cəhətlərdən özünəməxsus əhəmiyyət daşıdığını vurğulayıb. O, nəşrin Azərbaycan elmi və publisistik fikir tarixində orijinallığı ilə seçildiyini, janr xüsusiyyətləri baxımından diqqətəlayiq nümunə olduğunu bildirib. Akademik qeyd edib ki, Mir Şahin Ağayevin “İstiqlal söhbətləri” adı ilə təqdim etdiyi bu nəşr ənənəvi müsahibə janrının mövcud çərçivələrini aşaraq, daha müasir və fərqli təqdimat formasını ortaya qoyur. Onun sözlərinə görə, kitab Azərbaycan jurnalistikasında formalaşmaqda olan yeni janr axtarışlarının və müasir publisistik düşüncə tərzinin maraqlı nümunəsi kimi dəyərləndirilə bilər.
Mədəniyyət nazirinin müavini Fərid Cəfərov tədbirdə iştirakından məmnunluğunu ifadə edərək Şirməmməd Hüseynovun Azərbaycan jurnalistikası tarixinin görkəmli tədqiqatçısı olduğunu vurğulayıb. O, XIX əsrin sonu – XX əsrin əvvəllərində milli mətbuat və publisistikanın xalqın milli özünüdərkinin formalaşmasına, azadlıq və istiqlal ideyalarının yayılmasına mühüm təsir göstərdiyini qeyd edib. Nazir müavini Şirməmməd Hüseynovun klassik jurnalistikanın nümayəndələrinin irsini araşdırmaqla yanaşı, milli mətbuatın dövlətçilik və istiqlal düşüncəsinin formalaşmasındakı rolunu elmi əsaslarla ortaya qoyduğunu və bu zəngin irsin gələcək nəsillərə çatdırılmasına mühüm töhfə verdiyini bildirib.
Nazir müavini kitabın fərqli formatda nəşr olunmasının xüsusi əhəmiyyət daşıdığını vurğulayıb. O, alimin əziz xatirəsinin daim yaddaşlarda yaşayacağını, zəngin elmi irsinin və apardığı tədqiqatların gələcək nəsillərin yoluna hər zaman işıq saçan bir mayak rolunu oynayacağını qeyd edib.
Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayev bildirib ki, müsahibələrin bir qismini dinləyib və burada onun diqqətini cəlb edən əsas məqamlardan biri sual-cavabların yüksək peşəkarlıq səviyyəsidir. Onun sözlərinə görə, mahir telejurnalistin ustalıqla və düşünülmüş şəkildə formalaşdırdığı suallar qarşısında ondan da mahir bir jurnalistin – Şirməmməd Hüseynovun – dolğun və məzmunlu cavabları dayanır.
Rektor Şirməmməd Hüseynovun çoxcildlik “Mətbuat tarixi” tədqiqatlarının, onlarla elmi və publisistik məqaləsinin, haqqında nəşr olunmuş biblioqrafiyanın alimin zəngin elmi irsinin miqyasını aydın şəkildə göstərdiyini vurğulayıb. Bildirib ki, onun Azərbaycan jurnalistikasının inkişafında, peşəkar jurnalist kadrlarının hazırlanmasında və bütövlükdə jurnalistika elminin formalaşmasında xidmətləri danılmazdır.
Elçin Babayev qeyd edib ki, Şirməmməd Hüseynov ömrünün təxminən altmış ilini Bakı Dövlət Universiteti ilə bağlayıb. Lakin onun pedaqoji fəaliyyəti yalnız jurnalistikanın nəzəri əsaslarını tələbələrə öyrətməklə məhdudlaşmayıb. O, hər şeydən əvvəl, sözün məsuliyyətini dərk edən, peşə prinsiplərinə sadiq jurnalistlər yetişdirməyə çalışıb.
Azərbaycanda Atatürk Mərkəzinin rəhbəri, akademik Nizami Cəfərov Şirməmməd Hüseynovun elmi-publisistik və ictimai fəaliyyətindən bəhs edərək, onun sovet dövründə müəyyən məhdudiyyətlərlə üzləşdiyini, müstəqillik illərində isə yaradıcılıq imkanlarının genişləndiyini bildirib. Akademik Şirməmməd Hüseynovu fəal, prinsipial və milli tarixə bağlı ziyalı kimi səciyyələndirib.
Milli Məclisin deputatı, filologiya elmləri doktoru Elnarə Akimova kitabın əhəmiyyətindən danışaraq qeyd edib ki, əsərlə tanışlıqdan sonra bir daha dərk etmək mümkündür ki, milli istiqlal düşüncəsinin yaşadılmasında və nəsildən-nəslə ötürülməsində Şirməmməd Hüseynov kimi ziyalıların müstəsna xidmətləri olmuşdur.
Tədbirdə Xalq şairi Sabir Rüstəmxanlı, BDU-nun Milli mətbuat tarixi kafedrasının müdiri, professor Cahangir Məmmədli, Mətbuat Şurasının sədri Rəşad Məcid, “Ədəbiyyat qəzeti”nin baş redaktoru Azər Turan, “Xalq qəzeti”nin baş redaktoru, Əməkdar jurnalist Əflatun Amaşov və AzTV-nin siyasi icmalçısı, Əməkdar jurnalist Tofiq Abbasov çıxış edərək professor Şirməmməd Hüseynovun yaradıcılığından söz açıb, onunla bağlı xatirələrini bölüşüblər.
Natiqlər, həmçinin Şirməmməd Hüseynovun əsərlərinin toplanaraq nəşrə hazırlanmasına və “İstiqlal söhbətləri” kitabının ərsəyə gəlməsinə göstərdiyi əzmkarlığa görə alimin ömür-gün yoldaşı, AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun əməkdaşı Ülkər Hüseynovaya təşəkkürlərini bildiriblər.
Professor Şirməmməd Hüseynovun qızı, Azərbaycan Milli Konservatoriyasının prorektoru, professor Lalə Hüseynova dəyərli nəşrin hazırlanmasında əməyi olan hər kəsə, xüsusilə müsahibələrin hazırlanmasında və onların geniş oxucu auditoriyasına çatdırılmasında mühüm xidmətləri olan Mirşahin Ağayevə, eyni zamanda, əsərin nəşrə hazırlanması və elmi-publisistik baxımdan yüksək səviyyədə təqdim olunmasında zəhməti olan redaktorlara, tədbirin təşkilinə görə isə Milli Kitabxananın rəhbərliyinə təşəkkürünü bildirib.
Tədbirin sonunda Milli Kitabxana tərəfindən hazırlanmış “Professor Şirməmməd Hüseynov” adlı elektron məlumat bazasının təqdimatı və kitab sərgisinə baxış olub.