Cahangir Cahangirov sənətinin işığında möhtəşəm musiqi gecəsi
Bakı, 7 oktyabr, AZƏRTAC
Görkəmli bəstəkar, Xalq artist Cahangir Cahangirovun 105 illiyi münasibətilə Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında onun yaradıcılığına həsr olunmuş təntənəli konsert proqramı təqdim edilib. Musiqili gecədə Fikrət Əmirov adına Əməkdar Kollektiv Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının Xalq Çalğı Alətləri Orkestri və xor qrupu geniş proqramla səhnə alıb.
AZƏRTAC xəbər verir ki, konsertə Mahnı və Rəqs Ansamblının direktor-baş dirijoru, Prezident mükafatçısı Mustafa Aşurov rəhbərlik edib.
Proqramda Cahangir Cahangirovun zəngin yaradıcılığından seçilmiş, Azərbaycan musiqi xəzinəsində xüsusi yer tutan əsərlər səsləndirilib.

Səhnədə orkestr və xor kollektivinin ifası ilə yanaşı, tanınmış solistlərin çıxışları da təqdim olunub. Belə ki, Xalq artistləri Gülyaz Məmmədova, Elçin Həşimov (tar ifaçısı), Əməkdar artistlər Fərqanə Qasımova, Almaz Orucova, Zakir Əliyev, Elnur Əhmədov (kamança ifaçısı), tanınmış solistlər Günay İmamverdiyeva, Nurlan Əzizbəyli, Amil Həsənoğlu, İsmayıl Zeynalov və Mədinə Şahgəldiyeva (kamança ifaçısı) çıxış ediblər.

Mahnı və Rəqs Ansamblının Xalq Çalğı Alətləri Orkestri və xor qrupunun (xormeyster – Naala Barateliya) ifasında təqdim olunan proqram Cahangir Cahangirovun zəngin sənət dünyasını bir daha dinləyicilərə çatdırılıb.
Konsert, həmçinin Azərbaycan bəstəkarlıq məktəbinin qiymətli nümunələrinin yeni nəsillərə ötürülməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Müxbir – Gülay Nəzərova