“Clarivate Günləri”: AzTU əməkdaşlarının elmi resurslarla işləmək bacarıqları inkişaf etdirilir
Bakı, 7 oktyabr, AZƏRTAC
Azərbaycan Texniki Universitetində (AzTU) “Clarivate Günləri” çərçivəsində elmi-tədqiqat fəaliyyətinin səmərəliliyinin artırılmasına həsr olunmuş təlim keçirilib.
Tədbir Elm və Təhsil Nazirliyi yanında Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi ilə “Clarivate” şirkətinin birgə təşəbbüsü olan “Clarivate Günləri” proqramı çərçivəsində təşkil olunub.
AzTU-dan AZƏRTAC-a bildirilib ki, məqsəd universitet əməkdaşlarının beynəlxalq elmi informasiya resursları ilə işləmək bacarıqlarının inkişafı, eləcə də tədqiqat nəticələrinin geniş ictimaiyyətə çatdırılmasıdır.
Təlim zamanı “Clarivate”in Azərbaycan üzrə rəsmi nümayəndəsi Xəyalə Hacıyeva və müştəri məmnuniyyəti üzrə meneceri Handan İliç iştirakçılara “Web of Science”, “ProQuest Central” və “Web of Science Research Intelligence” platformalarından səmərəli istifadə imkanları barədə məlumat veriblər. Həmçinin süni intellektəsaslı həllərin tədqiqat prosesində tətbiqi, elmi məlumatların təhlili və effektiv tədqiqat strategiyasının qurulması ilə bağlı praktiki tövsiyələr təqdim edilib.
Sonda iştirakçıların sualları cavablandırılıb və mövzular ətrafında fikir mübadiləsi aparılıb.