“Avropada Təhsil” sərgisinə həsr olunmuş brifinq keçirilib
Bakı, 7 oktyabr, AZƏRTAC
Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin təşkilatçılığı ilə oktyabrın 7-də Bakıda “Avropada Təhsil” sərgisinə həsr olunmuş brifinq keçirilib.
AZƏRTAC xəbər verir ki, brifinqdə çıxış edən Aİ-nin Azərbaycandakı səfiri Mariyana Kuyundziç Avropada təhsilin gənclər üçün yaratdığı imkanlardan danışıb.
O bildirib ki, Avropada təhsil almaq yeni bilik və bacarıqlar əldə etmək, fərqli mədəniyyətləri kəşf etmək, xarici dillər öyrənmək, beynəlxalq əlaqələr qurmaq və yeni təcrübə qazanmaq baxımından mühüm fürsətdir.
Səfir qeyd edib ki, “Avropada Təhsil” sərgisi Aİ ilə Azərbaycan arasında 1996-cı ildə imzalanmış Tərəfdaşlıq və Əməkdaşlıq Sazişindən etibarən davam edən genişmiqyaslı tərəfdaşlığın tərkib hissəsidir. Onun sözlərinə görə, bu müddət ərzində Aİ Azərbaycanın təhsil sektoruna 29 layihə vasitəsilə dəstək göstərib.
Brifinqdə Latviya, Litva, Belçika və Macarıstanın Azərbaycandakı səfirləri də çıxış edərək təhsil sahəsində Azərbaycan ilə təmsil etdikləri ölkələr arasında əməkdaşlıqdan danışıblar.
Qeyd edək ki, oktyabrın 10-11-də keçiriləcək “Avropada Təhsil” sərgisində Avropanın 16 ölkəsini təmsil edən 60-a yaxın universitet iştirak edəcək.
Sərginin əsas məqsədi gəncləri Avropada ali təhsil imkanları, təhsil proqramları və təqaüd imkanları barədə məlumatlandırmaqdır. İştirakçılar, həmçinin Avropa ölkələrində tələbə həyatı, təhsil prosesi və beynəlxalq təhsil imkanları ilə bağlı məlumat əldə ediblər.