Zəfərdən yeni mərhələyə: Xaçmazda YAP-ın VIII Qurultayında qarşıya qoyulan məsələlər müzakirə olunub
Bakı, 7 oktyabr, AZƏRTAC
Yeni Azərbaycan Partiyasının (YAP) Sədri, Prezident İlham Əliyevin YAP-ın VIII Qurultayındakı nitqindən irəli gələn məsələlərlə bağlı Partiyanın Xaçmaz rayon təşkilatının təşəbbüsü ilə müşavirə keçirilib.
AZƏRTAC xəbər verir ki, müşavirə iştirakçıları əvvəlcə Xaçmaz Rayon Tarix-diyarşünaslıq muzeyinin akt zalının vestibülündə Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri qoyublar.
Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Sonra Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizədə canlarını fəda etmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Müşavirədə çıxış edən YAP Xaçmaz rayon təşkilatının sədri Emil Tağıyev Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa etmiş qalib dövlət olduğunu vurğulayıb. O, 2020-ci ildə əldə edilən Zəfərin milli qürurun və dövlət-xalq birliyinin təntənəsi olduğunu bildirib.
O, YAP-ın VIII Qurultayında Prezident İlham Əliyevin tarixi Zəfər və suverenliyin bərpası ilə bağlı fikirlərini diqqətə çatdırıb. Bildirilib ki, Prezidentin qurultaydakı çıxışı Azərbaycanın keçdiyi tarixi yol, əldə olunan uğurlar və qarşıda duran strateji vəzifələrlə bağlı mühüm mesajları özündə əks etdirir.
Azərbaycan Ağsaqqallar Şurası sədrinin müavini, Milli Məclisin deputatı Ağalar Vəliyev çıxışında ölkəmizin qazandığı uğurların təməlində Ulu Öndər Heydər Əliyevin dövlətçilik fəlsəfəsinin və siyasi kursunun dayandığını qeyd edib. Bildirib ki, bu siyasi xətt Azərbaycanın beynəlxalq mövqelərinin möhkəmlənməsinə, iqtisadi qüdrətinin artmasına, ərazi bütövlüyünün və suverenliyinin bərpasına mühüm töhfə verib.
A.Vəliyev Azərbaycanın uğurlarının əsasını güclü dövlətçilik, milli birlik və ardıcıl dövlət siyasətinin təşkil etdiyini vurğulayıb. O, Xaçmazın böyük potensiala malik rayon olduğunu bildirərək qarşıdakı dövrdə yeni iqtisadi imkanların yaradılmasının, gənclərin fəallığının artırılmasının və sosial məsələlərə diqqətin gücləndirilməsinin vacibliyini diqqətə çatdırıb.
Müşavirədə çıxış edən Qurultay nümayəndələri Yeganə Musayeva, Sevinc Sədullayeva, Yaşar Abbasov, Könül Əsgərova və digərləri Prezident İlham Əliyevin nitqində yalnız keçilən şanlı yola nəzər salınmadığını, eyni zamanda, Azərbaycanın yeni reallıqlar dövründə qarşısında duran vəzifələrin müəyyənləşdirildiyini bildiriblər.
Tədbir Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə başa çatıb.