Karyera seçimi, qərarvermə və liderlik: UNEC-in məzunu tələbələrə təcrübəsindən danışıb
Bakı, 7 oktyabr, AZƏRTAC
“Paşa Holding”in baş icraçı direktoru, Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) məzunu Cəlal Qasımov UNEC tələbələri ilə görüşüb.
UNEC-dən AZƏRTAC-a bildirilib ki, görüşdə “Ümumi idarəetmə” mövzusunda maraqlı təqdimatla çıxış edən Cəlal Qasımov gənclərə uğurun formalaşmasında mühüm rol oynayan amillərdən danışıb, karyera seçimi, qərarvermə, liderlik və şəxsi inkişafla bağlı fikirlərini və təcrübəsini bölüşüb.
Zamanın insanın əsas resurslarından olduğunu bildirən Cəlal Qasımov gəncləri vaxtlarından səmərəli istifadə etməyə, özlərinə və gələcəklərinə investisiya qoymağa çağırıb. Həmçinin karyera seçimində yalnız gəliri deyil, həmin işin insanın inkişafına necə təsir edəcəyini də nəzərə almağın vacibliyini vurğulayıb.
Cəlal Qasımov düzgün qərarların qəbul edilməsində məlumatlı olmağın və alternativləri qiymətləndirməyin əhəmiyyətindən də danışıb. O, müasir dövrdə seçim imkanlarının artdığını qeyd edərək, gənclərə qərar verərkən məqsədləri, mümkün nəticələri və riskləri birlikdə nəzərə almağı tövsiyə edib.
Təqdimatda liderlik və komanda idarəçiliyi məsələlərinə də toxunulub. Qeyd edilib ki, liderin vəzifəsi yalnız güclü insanları bir araya gətirmək deyil, onların fərqli bacarıq və düşüncələrini vahid məqsəd ətrafında birləşdirmək, düzgün koordinasiya etmək və zəruri hallarda prioritetlər arasında seçim edə bilməkdir. Bilik və təcrübənin vəhdəti uğurlu komandanın formalaşmasında mühüm rol oynayır.
Gənclərin işə qəbul prosesindən söz açan Cəlal Qasımov tələbələrə müsahibə zamanı səmimi və özünəinamlı olmağı, müsahibədən mənfi nəticə aldıqda ruhdan düşməməyi, hər uğursuzluğu öz inkişafları üçün bir təcrübə kimi dəyərləndirməyi tövsiyə edib.
Tələbələrin böyük maraqla dinlədikləri Təqdimatdan sonra icraçı direktor tələbələrin suallarını cavablandırıb.
Sonda UNEC rektoru professor Ədalət Muradov ona “UNEC tələbələrinin peşəkar inkişafına verdiyi töhfəyə görə” təşəkkür plaketi təqdim edib.
Sonra Cəlal Qasımov UNEC-in şəhid olmuş tələbə və məzunlarının xatirəsinə ucaldılmış abidə kompleksini ziyarət edib. Həmçinin 24/7 kitabxana, Ekstern Mərkəzi, “Bloomberg” laboratoriyası, imtahan zalı, Karyera Mərkəzi ilə tanış olub.