Media nümayəndələri İsmayıllının turizm potensialı ilə tanış olublar
İsmayıllı, 7 oktyabr, AZƏRTAC
Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə yerli media nümayəndələri İsmayıllı rayonuna səfər ediblər.
AZƏRTAC xəbər verir ki, mediaturun əsas məqsədi İsmayıllının turizm potensialını geniş nümayiş etdirmək, mövcud imkanlar və turizm məhsulları barədə ictimaiyyəti məlumatlandırmaq, eləcə də rayonun turizm marşrutu kimi daha geniş auditoriyaya tanıdılmasıdır.
Səfər çərçivəsində “Basqal” Dövlət Tarix-Mədəniyyət Qoruğunun direktoru Ceyhun İsmayılov iştirakçılara qoruq haqqında ətraflı məlumat verib.
O bildirib ki, İsmayıllının zəngin mədəni irsi ilə seçilən yaşayış məskənlərindən biri olan Basqal orta əsr şəhər mədəniyyətinin izlərini bu günədək qoruyub saxlayıb:
“Tarixi qala divarları, memarlıq abidələri, ‘kürəbənd’ adlanan qədim kanalizasiya sistemi, sənətkarlıq məhəllələri, məscidlər, bulaqlar, qədim bazar meydanı və çay daşları ilə döşənmiş dar küçələr Basqalın bənzərsiz simasını təşkil edir.”
Daha sonra halvaçı Cahid Əliyev tərəfindən məşhur Basqal halvasının hazırlanması üzrə ustad dərsi keçirilib. Ata-baba sənətini davam etdirən C.Əliyev səməni halvasının mürəkkəb bişirilmə texnologiyasından danışıb: “Səməni halvasının maraqlı və çətin hazırlanma qaydası var. Səkkiz gün ərzində cücərdilən səməni yuyulub ət maşınından keçirildikdən sonra tənziflə sıxılaraq suyu alınır. Həmin su unla qarışdırılıb yoğrulur. Gur ocaq üzərinə qoyulan halva 8 saata yaxın növbəli şəkildə durmadan qarışdırılaraq bişirilir. Bu halvanı yay istisna olmaqla bütün fəsillərdə hazırlamaq mümkündür, lakin proses çətin olduğuna görə daha çox Novruz bayramında bişirilir.”
Mediatur çərçivəsində jurnalistlər kəlağayı ustası Ələsgər Xəlilovun kəlağayı istehsalı prosesi ilə də yaxından tanış olublar.
Sonda iştirakçılara Basqal mətbəxinin xüsusi təamlarından olan pip dolmasının hazırlanma qaydası nümayiş etdirilib. Qeyd olunub ki, bu ənənəvi yeməyin əsas fərqi içliyin üzüm yarpağına deyil, vələs (pip) ağacının yarpağına bükülməsidir.
Müxbir - Fidan Əlizadə