Türkman irsinin tədqiqi: Kərkükdən gələn ziyalılarla “Körpü”də görüş
Bakı, 7 oktyabr, AZƏRTAC
“Körpü” Türkman İrsi Araşdırmaları Mərkəzində Kərkükdən gələn alimlərlə görüş keçirilib.
Bu barədə AZƏRTAC-a AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutundan bildirilib.
Tədbirdə “Körpü” Türkman İrsi Araşdırmaları Mərkəzinin sədri, Ədəbiyyat İnstitutunun əməkdaşı filologiya üzrə fəlsəfə doktoru Orxan İsayev qeyd edib ki, Kərkükdən gələn alim və ziyalılarla görüş, onların fikirlərinin eşidilməsi elmi əlaqələrimizin inkişafına xüsusi təkan verir, həm İraqda, həm Azərbaycanda türkman irsi ilə bağlı aparılan tədqiqatlarla bağlı fikir mübadilələrinin aparılması işin müsbət tərəflərindəndir. Orxan İsayev qeyd edib ki, ortaq layihələrin reallaşdırılması, türkman irsinin tədqiqi və təbliği işində İraqda yaşayan alimlərlə əməkdaşlıq gələcəkdə bu məsələlərin daha da genişlənməsinə, türkman irsinin daha da dərin öyrənilməsinə təkan verəcək.
Daha sonra Əməkdar elm xadimi, professor Qəzənfər Paşayev Azərbaycanda yeni fəaliyyətə başlamış “Körpü” Türkman İrsi Araşdırmaları Mərkəzinin bu istiqamətdə uğurlu olacağına, Azərbaycanla türkman soydaşlarımızın elmi, ədəbi-mədəni əlaqələrinin inkişafına töhfə verəcəyinə əmin olduğunu bildirib.
“Türkman Kültürü” jurnalının baş redaktoru Sabah Abdullah son illərdə İraqda türkmanlarla bağlı aparılan elmi tədqiqatlara toxunub, baş redaktoru olduğu jurnalın fəaliyyəti ilə tədbir iştirakçılarını tanış edib. Görüş zamanı professor Faruq Faiq, Ümid Osman Köprülü, misirli alim Əhməd Tarabek, “Körpü” Türkman İrsi Araşdırmaları Mərkəzinin əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru Səkinə Qaybalıyeva, fəlsəfə üzrə fəlsəfə doktoru, şərqşünas Elnur Mustafayev, filologiya elmləri doktoru Esmira Fuad, “Əbədi birlik” İctimai Birliyinin sədri Şahin Əliyev, AMEA əməkdaşı Elnur Eltürk və digər qonaqlar çıxış ediblər.