Nazir: Türkiyədə yeni sənaye zonalarının planlaşdırılması Zəngəzur dəhlizi nəzərə alınmaqla aparılır
Ankara, 7 oktyabr, AZƏRTAC
Türkiyə hökuməti Zəngəzur dəhlizi və “İnkişaf yolu” marşrutu (İraqın cənubundan Türkiyə sərhədinədək – red.) ilə nəqliyyat əlaqəsini nəzərə almaqla yeni sənaye zonalarına investisiya yatırmağı planlaşdırır. Bunlar bütün ölkə ərazisində sənaye yükünün növbəti 30 il ərzində bölüşdürülməsini nəzərdə tutan baş planların hazırlanmasında prioritet istiqamətlərdir.
AZƏRTAC xəbər verir ki, bunu Türkiyənin sənaye və texnologiyalar naziri Mehmet Fatih Kacır bildirib.
Onun sözlərinə görə, ilkin mərhələdə Samsun ilə Mersin arasında yerləşən 15 vilayətdə 19 sənaye zonası yaradılacaq, daha sonra isə Anadoluda Mersin-Şırnak, Sivas-İğdır və Trabzon-Şırnak istiqamətlərində “sənaye inkişaf dəhlizləri” yaradılacaq.
O qeyd edib ki, yeni sənaye zonalarının Zəngəzur dəhlizi və “İnkişaf yolu”na çıxış əldə etməsi Türkiyənin məhsul təchizatı zəncirlərində əsas oyunçu kimi mövqeyini gücləndirəcək.
“Meqasənaye zonaları investorlar üçün yaşıl texnologiyalara xüsusi diqqət yetirilməklə “ağıllı istehsala” yol açacaq, limanlara, dəmir yollarına və avtomobil yollarına yatırılan investisiyalar isə biznes üçün logistika xərclərini azaldacaq. Düşünülmüş siyasət və genişmiqyaslı investisiyalar sayəsində Türkiyənin ÜDM-i son 23 ildə 238 milyard dollardan 1,6 trilyon dollara yüksəlib. Biz resurslardan səmərəli istifadə edən dayanıqlı istehsal imkanları formalaşdırırıq. Eyni zamanda, 2030-cu ilədək innovasiya sahəsinə yatırmağı planlaşdırdığımız 30 milyard dollar həcmində investisiyalar Türkiyəni dünyanın aparıcı iqtisadi aktorlarından birinə çevirəcək”, – deyə Mehmet Fatih Kacır əminliyini ifadə edib.