Səməd Vurğunun oğlu: Ola bilsin, Stalinlə söhbəti Səməd Vurğunu repressiyadan xilas edib
AZƏRTAC Xalq şairi Səməd Vurğunun həyat və yaradıcılıq irsinə həsr olunmuş silsilə yazılarını davam etdirir
Bakı, 8 oktyabr, AZƏRTAC
Nəşrin layihə rəhbəri Şəmil Sadiq, redaktoru və tərtibatçısı isə Aslan Salmansoy olan “Səməd Vurğun xatirələrdə” kitabında şairin doğmalarının və yaxınlarının xatirələri toplanıb. Bu xatirələr Səməd Vurğunu yalnız böyük söz ustadı və ictimai xadim kimi deyil, həm də hiss və əqidəsinə dərindən bağlı olan səmimi, qətiyyətli və duyğulu bir insan kimi görməyə imkan verir.
AZƏRTAC silsilə yazıların növbəti hissəsində Xalq şairinin oğlu Vaqif Səmədoğlunun xatirələrinin davamını təqdim edir. O, bu xatirələrində Səməd Vurğunun repressiyalardan necə yayına bildiyindən bəhs edir, ailənin ağır illərini, şairin yanında qalan insanları xatırlayır, həmçinin Qobustanın qayaüstü rəsmlərinin qorunub saxlanılmasında onun rolundan danışır.
“Səməd Vurğunun əmiləri - Mustafa ağa Vəkilov, Rəhim ağa Vəkilov, Məmməd¬rza ağa Vəkilov Müsavat Partiyasının Mərkəzi Komitəsinin 21 üzvündən 3-ü olub. Rəhim ağa Vəkilov qaça, adlaya bilmədi, Tiflisdə Fətəli xan Xoyski kimi özünü öldürdü. Mustafa ağa Vəkilov da Məhəmməd Əmin Rəsulzadə ilə Polşada, Türkiyədə bir yerdə olublar. Məmmədrza ağa Vəkilov da həbsxanalarda ölüb. Digər tərəfdən, Müsavat Partiyasının fəal üzvləri - Üzeyir bəy Hacıbəyli və Abdulla Şaiq də tutulmayıb. Müsavat Partiyasına dəxli olmayan Hüseyn Cavid - estetik, ancaq ədəbiyyatla, gözəlliklə, fəlsəfə ilə məşğul olan bir insan tutuldu, gedib zülmlər içərisində öldü. Yaxud, yaş nöqteyi-nəzərindən Mikayıl Müşfiq. 28 yaşında həbs olunub. Bunlara rəğmən S.Vurğunun 1937-də həbs edilməməsi mənə möcüzə kimi gəlir.
O söyləyir ki, Səməd Vurğunun 1937-ci ildə sağ qalması ilə bağlı ən ağlabatan sözü ona bir dəfə Moskvada Konstantin Simonov dedi:
“Atamın dostu, böyük insanlardan biridir. O, dedi ki, diktatorların, böyük sərkərdələrin xasiyyətləri fərqli olsa da, onları birləşdirən bir cəhət var. Bu da onların öz yaddaşlarını nümayiş etdirməsidir. Bütün diktatorlarda olduğu kimi, Stalində də bu xüsusiyyət olub. 1935-ci ildə Kremldə Səməd Vurğun və digərlərini Stalin qəbul etmişdi. Səməd Vurğun da tribunadan “Rəhbərə salam”ı oxuyub. Şeiri oxuyandan sonra Stalin ondan soruşur ki, “А что означает Vurğun?”. Səməd Vurğun da deyir ki, “Vlyublyonnıy, tovariş Stalin”. Stalin deyir ki, “V koqo, devuşku?”. Səməd Vurğun deyir ki, “Net, tovariş Stalin, Rodinu i na vas”.
Stalin də qaydır ki, “Ne vıdumıvay, ti toqda menya ne znal”. Stalin soruşur ki, “Eto psevdonim?”. Səməd Vurğun deyir ki, “Da”. O da soruşur ki, “A familiya kak?”. Deyir ki, “Vekilov”. Stalin bu familiyanın Azərbaycanda necə olduğunu soruşur. Səməd Vurğun da deyir ki, Vekilzade. Stalin də qaydır ki, “Vot tak i nado qovorit”.
Simonov mənə dedi ki, ola bilməz ki, dəhşətli yaddaşı olan Stalinin yadında bu qalmasın. 1937- 1938-ci illərdə Mircəfər Bağırov Stalinin yanına gələndə Stalin, yəqin ki, öz yaddaşını nümayiş etdirməyə başlayırmış. Mircəfər Bağırovdan pambıqyığan Bəsti Bağırovanı, Bülbülü, Üzeyiri, Səməd Vurğunu soruşurmuş. Simonov deyir ki, ola bilər, məhz bu, Mircəfər Bağırovu saxlayıb. Doğrudan da, 1935-ci ildə Azərbaycan mədəniyyəti günlərində Stalinlə görüşdə iştirak edən insanlardan heç biri həbs olunmayıb...
1952-ci ildə – o ağır günlərdə bizim evə yazıçıların gəlib-getməsi yox idi. Mən heç kimi də burada qınamıram. Ancaq 3 adam həmişə atamın yanına gələrdi. Bunlardan ikisi atamın ovçu dostları - Allahyar əmi Cavanşirov, bir də Allahyar əmi Behbudov idi. Onların biri uzun, biri qısa idi. Atam da bunlardan birinə “uzun”, o birinə də “gödək” deyirdi. Bir də evimizə Xan Şuşinski gəlib. Xan Şuşinski ağır günlərdə, dekabrın 25-də, Yusifin ad günündə də gəlmişdi. Evdə plov və s. bişirilmişdi. Bir də gördük ki, Xan Şuşinski dəstəsiylə, dəfiylə gəldi. Dedi ki, ay Səməd, ürəyini yemə. Oturdu, yedi-içdi, oxudu. Gecə saat 3-4-də çıxıb getdi... Amma yazıçıları qınamayın. Biz o imtahandan heç vaxt keçməmişik, amma indi asan qiymət veririk. Mən bilmirəm ki, bizim nəsil, bizdən sonra gələn nəsil 1937-ci, 1948-ci və 1952-ci illərdə özlərini necə aparardılar.
Bir xatirəni də qeyd etmək istəyirəm. Səməd Vurğun Qobustan qayaüstü rəsmlərini də xilas edib. Mirzə İbrahimovun “ZİM” maşınını götürdü, mən də yanında idim, oturduq. Prokurorluqdan da bir nəfər, Qobustana gəldik. İsaq Cəfə¬rzadə ilə Yampolski orada idilər. Qobustanda bir neçə qayaüstü rəsm əldən getdi. Uçurdular, kəsdilər. Bütün Qobustanı kəsirdilər. Ora gələndə atam prokurordan tapançasını aldı, maşından düşən kimi başladı atmağa. Söydü, dedi ki, nə edirsiniz?! Səməd Vurğunun Qobustan qayalarının qalmasında rolu oldu. Sonra oranı qoruq etdilər...”
Ardı var...
Müxbir – Günel Alıyeva