Rəqəmsal texnologiyalar türk dili və ədəbiyyatının tədrisində: yeni imkanlar və çağırışlar
Bakı, 8 oktyabr, AZƏRTAC
Rəqəmsal texnologiyaların, xüsusilə süni intellektin inkişafı türk dili və ədəbiyyatının tədrisi qarşısında yeni imkanlar açır.
Bu barədə AZƏRTAC-a müsahibəsində Türk Mədəniyyəti və Araşdırmaları İnstitutunun (TMAİ) direktoru professor Əhməd Bican Ərcilasun rəqəmsal texnologiyalar və süni intellektin türk dili və ədəbiyyatının tədrisinə gətirə biləcəyi yeniliklərdən danışarkən bildirib. Professor qeyd edib ki, süni intellektdən istifadə dil öyrənilməsi prosesində praktik imkanları genişləndirə bilər. Onun sözlərinə görə, süni intellekt vasitəsilə dillər arasında tərcümənin asanlaşması müəyyən hallarda dil öyrənməyə olan ehtiyacı da azalda bilər: “Süni zəka özü tərcümə edəndə bizim ehtiyacımız qalmayacaq. Süni intellekt olmasa, biz Azərbaycan türkcəsinin qaydalarını və sözlərini, azərbaycanlılar da Türkiyə türkcəsinin qaydalarını və sözlərini öyrənirlər. Amma süni intellekt araya girəndə bunlara gərək qalmaya bilər”.
O, süni intellektin xüsusilə qarşılıqlı tərcümə sahəsində praktik üstünlüklər yarada biləcəyini vurğulayıb. Bildirib ki, bu texnologiyalar vasitəsilə tərcüməçiyə və daha çox sayda kitabın tərcüməsi zamanı mütərcimə olan ehtiyac müəyyən qədər azala bilər: “İndi biz ondan istifadə etməyə başladıq, yəni ingiliscədən də çeviririk. Təbii ki, türk ləhcələri arasında bu axtarəşlar süni intellekt vasitəsilə daha asan olar”.
TMAİ direktoru Azərbaycan və Türkiyə türkcəsinin tədrisinə də toxunaraq, Azərbaycanda Türkiyə türkcəsinin öyrədilməsindən məmnunluğunu ifadə edib. Onun sözlərinə görə, Türkiyə türkcəsi ilə Azərbaycan türkcəsi arasında fərqlər az olsa da, mövcud fərqlərin öyrədilməsi mühüm əhəmiyyət daşıyır. Hər iki ölkədə qarşı tərəfin ədəbiyyatının öyrənilməsi də dillərarası əlaqələrin inkişafına xidmət edir. Azərbaycanda Türkiyə ədəbiyyatının, Türkiyədə isə Azərbaycan şair və yazıçılarının öyrənildiyini diqqətə çatdıran TMAİ direktoru dil tədrisində iki dil arasındakı qaydaların, eləcə də istisnaların öyrədilməsinin vacibliyini vurğulayıb: “İki dil arasında qaydalar var. O qaydaları öyrətmək, istisnalar varsa, o istisnaları da yada salmaq, əzbərləmək gərəkdir”.