Şəkinin tarixi məkanları və görməli yerləri ukraynalı uşaqlarda xoş təəssürat yaradıb
Şəki, 8 oktyabr, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən Ukraynadan ölkəmizə gətirilmiş daha 30 uşaqla bağlı reabilitasiya tədbirləri davam etdirilir. Reabilitasiya proqramı çərçivəsində uşaqlar üçün Qəbələ, Şamaxı və Şəki turu təşkil olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, ukraynalı uşaqlar Şəki şəhərinə ekskursiya zamanı bu qədim diyarın tarixi məkanları və görməli yerləri ilə tanış olublar.
Şəki ilə ilk tanışlıq “Yuxarı Baş” Milli Tarix-Memarlıq Qoruğunun ərazisindən başlanıb. XVIII əsrə aid nadir tarixi-memarlıq abidəsi - Şəki Xan Sarayı ilə tanışlıq qonaqlarda böyük maraq oyadıb. Onların diqqətinə çatdırılıb ki, Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilib.
İlk dəfə Azərbaycana gəldiyini deyən qrup rəhbəri Yuliya Terezina məmnunluğunu belə ifadə edib: “Burada olduğumuz müddətdə silah səslərindən uzaq, rahat bir həyat sürüb, yaxşı istirahət etmişik. Bütün qrupumuz və xalqımız adından bizə göstərilən diqqət və qayğıya görə hər kəsə dərin təşəkkürümüzü bildirəm”.
Dünya memarlıq abidələri sırasında yer alan Şəki Xan sarayı ilə tanışlıqdan dərin heyranlıq duyan uşaqlar hisslərini gizlətmirlər. Fürsətdən yararlanıb Yelizaveta Fanaskova ilə söhbət edirik. Xarkov vilayətindən olduğunu deyən qonaq tarixi abidənin daxilini yenicə gəzib geri döndüyünü və gördüklərindən heyran qaldığını bildirir. “Belə isti və səmimi qəbula, bizlərə göstərilən qonaqpərvərliyə görə minnətdarlığımızı çatdırmaq istəyirəm. Doğrudan son illərin ən qayğısız, təhlükəsiz, sakit günlərini yaşadıq. Reabilitasiya xidmətləri zamanı əməkdaşlar bizlərə öz övladları kimi yanaşdılar və mənəvi rahatlıq tapdıq”, – deyə o qeyd edir.
Maksim Kuksov da bu arada söhbətə daxil olur. Deyir özünə xeyli dost tapıb. Ən əsası isə Azərbaycandakı bu günləri heç vaxt unutmayacaq.
Sonra uşaqlar Qoruğun ərazisində yerləşən “ABAD” Keramika və Tətbiqi Sənət Mərkəzi ilə tanış olub, məşhur Şəki halvasının hazırlandığı sexə və dükanlara da baş çəkiblər.
Qəbələ Uşaq Reabilitasiya Mərkəzinin direktoru Ruhib Rəhimov bütün günü uşaqlarla olduğunu, onların istirahətinin mənalı keçməsi üçün komanda şəklində çalışdıqlarını bildirir: ”Bu müddət ərzində uşaqlara fərdi, psixoloji konsultasiyalar, qrup terapiyaları, yoqa, rəqs terapiyası, müalicəvi masaj, müalicəvi hovuz və vannalar, art terapiyası və digər terapiyalarla təmin olunublar”.
Müxbir - Rasim İslamoğlu