ADU rektoru: Simpoziumun əsas məqsədlərindən biri gənc alimlər arasında elmi əlaqələrin qurulmasıdır
Bakı, 8 oktyabr, AZƏRTAC
Azərbaycan Dillər Universitetinin (ADU) rektoru akademik Kamal Abdulla “Türk dili və ədəbiyyatının tədrisi” IV Beynəlxalq simpoziumunda çıxışı zamanı tədbirin əhəmiyyətindən danışıb.
AZƏRTAC xəbər verir ki, Kamal Abdulla simpoziumda müxtəlif ölkələrdən alim və mütəxəssislərin iştirak etməsinin əhəmiyyətini vurğulayıb. Qeyd olunub ki, tədbirdə Polşa, Yaponiya, Şimali Kipr, Rusiya Federasiyası və digər ölkələrdən qonaqlar iştirak edirlər. İştirakçılar arasında Şərqi Avropa Təhsil İnstitutu, Təhsil Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Bakı Dövlət Universiteti, Bakı Slavyan Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Universiteti, Azərbaycan Dövlət Xoreoqrafiya Akademiyası, Gəncə Dövlət Universiteti, Naxçıvan Dövlət Universiteti, Bakı və Hədəf liseylərinin nümayəndələri yer alıblar.
Kamal Abdulla simpoziumun təşkilində Yunus Əmrə İnstitutunun fəaliyyətini xüsusi qeyd edərək, bu qurumun tədbirin keçirilməsinə verdiyi töhfəyə görə təşəkkürünü bildirib. Diqqətə çatdırıb ki, simpozium çərçivəsində altı panel təşkil olunacaq, müxtəlif günlərdə iştirakçıların məruzələri dinləniləcək. Panellərdə türk dili və ədəbiyyatının tədrisinin aktual problemləri, müasir texnoloji yanaşmalar və digər məsələlər ətrafında fikir mübadiləsi aparılacaq.
Simpoziumun yalnız elmi müzakirələr baxımından deyil, gənc alim və mütəxəssislərin bir-biri ilə əlaqələrinin qurulması baxımından da mühüm əhəmiyyət daşıdığı vurğulanıb. “Üst məqsəd, əlbəttə ki, türk dilinin tədrisi, ədəbiyyatın tədrisidir. Alt məqsəd isə siz gənclərin bir-biri ilə təmasının qurulması və bu təmasın həyatınız boyu davam etməsidir”, – deyə rektor bildirib.
O qeyd edib ki, tədbir çərçivəsində Azərbaycan və Türkiyədən olan gənc mütəxəssislərin, alimlərin və müəllimlərin bir-biri ilə daha yaxından tanış olması, təcrübə və fikir mübadiləsi aparması üçün geniş imkan yaranır.