Ekspert: Bakıda əmlak qiymətlərinin yüksək olmasında infrastruktur imkanları əsas amillərdəndir
Bakı, 8 oktyabr, AZƏRTAC
Bakının rayonları üzrə daşınmaz əmlak qiymətlərinin fərqlənməsinə əsasən ərazinin yerləşməsi, infrastrukturun inkişaf səviyyəsi və şəhər mərkəzinə yaxınlıq təsir göstərir. Daşınmaz əmlakın qiymətinin formalaşmasında əsas amillərdən biri tələb və təklif nisbətidir.
Bu barədə əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı AZƏRTAC-a açıqlamasında bildirib.
Onun sözlərinə görə, bununla yanaşı, ayrı-ayrı ərazilərdə inşa olunan layihələrin keyfiyyəti, təqdim etdiyi infrastruktur imkanları və yaşayış şəraiti də qiymətlərə əhəmiyyətli təsir göstərir.
“Şəhər mərkəzindən kənarda yerləşməsinə baxmayaraq, yüksək səviyyəli infrastruktura malik bəzi yaşayış komplekslərində mənzillərin qiyməti mərkəzi ərazilərdəki qiymətlərə bərabər və hətta daha yüksək ola bilər. Buna nümunə olaraq “Şəhər Bağları” layihəsini göstərmək olar. Burada bir kvadratmetr üzrə qiymətlər bəzi hallarda 28 May və Sahil metrostansiyaları ətrafındakı qiymətlərə bərabər, hətta onlardan yüksəkdir. Bu, layihənin infrastruktur və yaşayış imkanları baxımından üstün xüsusiyyətləri ilə əlaqədardır. Daşınmaz əmlakın qiymətinə təsir edən digər mühüm amillər sırasında ictimai nəqliyyatla təminat, metro stansiyalarına yaxınlıq, ərazidə əhali sıxlığının səviyyəsi və ümumi infrastruktur imkanları da yer alır”, – deyə R.Osmanlı vurğulayıb.
O bildirib ki, şəhər mərkəzində qiymətlərin daha yüksək olması təbiidir: “Lakin mərkəzdən uzaqlaşdıqca qiymətlərin mütləq şəkildə aşağı düşdüyünü demək olmaz. Elə rayonlar və yaşayış layihələri var ki, yerləşdiyi ərazi mərkəzdən kənarda olsa da, təqdim etdiyi imkanlara görə kifayət qədər yüksək qiymətlərlə təklif olunur”.