Akademik Teymur Kərimli: Klassik irs sözün və milli düşüncənin gücünü nümayiş etdirir
Bakı, 8 oktyabr, AZƏRTAC
AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktoru akademik Teymur Kərimli “Türk dili və ədəbiyyatının tədrisi” IV Beynəlxalq simpoziumunda çıxışında sözün mahiyyəti, ədəbi dilin imkanları və klassik Azərbaycan ədəbiyyatının zəngin poetik irsi barədə fikirlərini bölüşüb.
AZƏRTAC xəbər verir ki, akademik Teymur Kərimli elmi və ədəbi məclislərdə söylənilən fikirlərin həm məzmun, həm də ifadə baxımından yığcam, mənalı və fəlsəfi mahiyyət daşımalı olduğunu vurğulayıb. Bu baxımdan o, dahi Azərbaycan şairi Nizami Gəncəvinin sözün dəyəri və ölçülü ifadəsi ilə bağlı fikirlərini xatırladıb, həmçinin klassik ədəbiyyatımızın görkəmli nümayəndəsi Məhəmməd Füzulinin yaradıcılığına da müraciət edərək onun poeziyasından nümunələr səsləndirib. Akademik Füzuli yaradıcılığının Azərbaycan ədəbi-mədəni düşüncəsində mühüm yer tutduğunu vurğulayıb.
İnstitutun direktoru çıxışının sonunda XX əsr Azərbaycan poeziyasının görkəmli nümayəndəsi Məhəmmədhüseyn Şəhriyarın yaradıcılığından nümunə gətirib, onun misraları ilə milli ədəbiyyatın, ana dilinin və milli düşüncənin əhəmiyyətinə diqqət çəkib.