Akademik Rafael Hüseynov Tbilisidə keçirilən beynəlxalq konfransında çıxış edib
Bakı, 8 oktyabr, AZƏRTAC
Tbilisidə “Avropanın intibahı təməlləri və Gürcüstanda xristianlığın 1700 illiyi” mövzusunda beynəlxalq konfrans keçirilib. Konfransın açılış mərasimində Gürcüstan Prezidenti Mixeil Kavelaşvili, Baş nazir İrakli Kobaxidze, Bütün Gürcüstanın Katolikos-Patriarxı Şio III və Gürcüstan Parlamentinin sədri Şalva Papuaşvili salamlama nitqləri ilə çıxış ediblər.
Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru akademik Rafael Hüseynov konfransda məruzə ilə çıxış edib.
Muzeydən AZƏRTAC-a bildirilib ki, müsəlman ölkələrindən yeganə məruzəçi olan akademik Rafael Hüseynov çıxışında müasir dünyada mənəvi dəyərlərin qorunması, cəmiyyətin əsas dayaqlarından biri olan ailə institutunun önəmi, milli-mənəvi irsin və dinlərarası həmrəyliyin əhəmiyyəti barədə fikirlərini bölüşüb.
Akademik vurğulayıb ki, sürətlə dəyişən dünyada fundamental mənəvi dəyərlər öz əhəmiyyətini qoruyur. Alimin sözlərinə görə, sağlam ailə cəmiyyətin və dövlətin əsasını təşkil edir, milli-mənəvi dəyərlər isə xalqların tarixi yaddaşını və kimliyini yaşadan mühüm dayaqlardır: “Bu məsələlər süni intellekt epoxasına qədəm qoyulan indiki dövrdə daha da aktuallaşır. İnsanı və cəmiyyəti qorumaq üçün yeni düsturlar axtarmaqdansa, minilliklər ərzində formalaşmış mənəvi prinsiplərə yenidən müraciət etmək lazımdır”.
O, Azərbaycanda tarixən formalaşmış dini tolerantlıq ənənələrinə diqqət çəkərək İçərişəhərdə müxtəlif dinlərə məxsus abidələrin əsrlər boyu yanaşı mövcudluğunu bu ənənənin bariz nümunəsi kimi göstərib. Qeyd edib ki, tolerantlıq inzibati yollarla formalaşdırıla bilməz, bunun üçün əsrlər boyu davam edən mənəvi və mədəni ənənə lazımdır.
Akademik Rafael Hüseynov, həmçinin dinlər və mədəniyyətlər arasında dialoqun qorunmasının vacibliyini vurğulayıb, müxtəlif xalqların ortaq dəyərlər ətrafında əməkdaşlığının müasir dünyada qarşıdurmaların qarşısının alınmasına töhfə verə biləcəyini bildirib. Muzey direktoru çıxışının sonunda bildirib ki, Tbilisidə keçirilən beynəlxalq konfrans da müxtəlif dini və mədəni ənənələrin nümayəndələrinin fikir mübadiləsi aparması baxımından bu məqsədə xidmət edir.