Monteneqrolu nümayəndə: İtkin şəxslərin axtarışı etimad quruculuğu tədbirlərindən birinə çevrilə bilər VİDEO
Bakı, 8 oktyabr, AZƏRTAC
1990-cı illərdə baş vermiş müharibələr artıq geridə qalıb. Bununla belə, regionumuzda bir çox ailə üçün müharibələr tamamilə keçmişdə qalmayıb. Həqiqəti gözləyən ailə üçün çox vaxt nə əminlik, nə də buna görə hadisə ilə barışmaq və onu geridə qoymaq imkanı olur.
AZƏRTAC xəbər verir ki, bunu Monteneqronun sabiq müdafiə naziri Milica Durisic Bakı Dialoqu formatında IV beynəlxalq konfransın ikinci günündə keçirilən "Sülh proseslərində itkin şəxslər məsələsinin həlli: Humanitar əməkdaşlıq və etimadın yaradılması" adlı panel sessiyada çıxış edərkən deyib.
"Əlbəttə, sülh sazişi müharibəni dayandıra bilər, lakin onun bütün humanitar nəticələrini aradan qaldıra bilməz. Məhz buna görə hesab edirəm ki, itkin şəxslər məsələsi yalnız sülh prosesindən sonra həll edilməli olan məsələ kimi nəzərdən keçirilməməlidir. Bu məsələ sülh prosesinin tərkib hissəsi olmalıdır. Hesab edirəm ki, itkin şəxslərin axtarışı münaqişədən çıxan cəmiyyətlər üçün ən praktik etimad quruculuğu tədbirlərindən birinə çevrilə bilər. Çünki siyasi mövqelər arasında dərin fikir ayrılıqları qalmaqda davam etsə belə, insanları bir araya gətirə biləcək fundamental humanitar prinsip mövcuddur. Bu ortaq prinsip bəzən siyasi dialoqun aça bilmədiyi qapıları aça bilər. O, institutlar arasında kommunikasiya kanallarının yaradılmasına, arxiv və məlumat mübadiləsinə, məhkəmə-tibbi ekspertlərin, hərbçilərin, araşdırmaçıların, humanitar təşkilatların və ən başlıcası, ailələrin bir araya gəlməsinə imkan yarada bilər. Bu cür praktiki əməkdaşlıq vasitəsilə etimad vədlər hesabına deyil, konkret fəaliyyət nəticəsində formalaşmağa başlaya bilər", - deyə sabiq müdafiə naziri vurğulayıb.