Azərbaycanın Dövlət Komissiyası itkin düşmüş şəxslərlə bağlı səylərin əlaqələndirilməsində mühüm rol oynayır
Bakı, 8 oktyabr, AZƏRTAC
İtkin şəxslər məsələsinin həlli ilə bağlı öhdəlik yalnız mənəvi və humanitar öhdəlik deyil, həm də beynəlxalq humanitar hüquq çərçivəsində hüquqi öhdəlikdir. 1949-cu il Cenevrə Konvensiyalarına I Əlavə Protokol ailələrin öz yaxınlarının taleyini bilmək hüququnu açıq şəkildə tanıyır. Protokol, həmçinin itkin şəxslərlə və həlak olanlarla bağlı öhdəliklər müəyyən edir. Tərəflər itkin düşməsi barədə məlumat verilmiş şəxslərin axtarışını həyata keçirməli, məlumat mübadiləsini asanlaşdırmalı, insan qalıqlarının qaytarılmasına şərait yaratmalı, habelə vəfat etmiş şəxslərin məzarlarına və dəfn yerlərinə hörmət etməlidirlər. Həmin öhdəliklər yalnız müqavilə hüququ ilə məhdudlaşmır, həmçinin beynəlxalq hüquqda da öz əksini tapır. Ən əsası isə bu humanitar öhdəliklər həm beynəlxalq, həm də qeyri-beynəlxalq silahlı münaqişələrə şamil olunur. Buna görə də zamanın keçməsi bu məsələni aradan qaldırmır.
AZƏRTAC xəbər verir ki, bunu Malayziyanın Beynəlxalq İslam Universitetinin professoru Mohammad Naqib Eishan Jan Bakı Dialoqu formatında IV beynəlxalq konfransın ikinci günündə keçirilən "Sülh proseslərində itkin şəxslər məsələsinin həlli: humanitar əməkdaşlıq və etimadın yaradılması" adlı panel sessiyada çıxış edərkən deyib.
O bildirib ki, müharibənin başa çatması ailələrin öz yaxınlarının taleyini bilmək hüququna son qoymur. Azərbaycanın bu humanitar məsələnin həlli istiqamətində mühüm institusional səylər göstərdiyini deyən professor Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının keçmiş Qarabağ münaqişəsi zamanı itkin düşmüş, əsir və girov götürülmüş şəxslərlə bağlı səylərin əlaqələndirilməsində mühüm rol oynadığını diqqətə çatdırıb: “Qurumun fəaliyyəti göstərir ki, itkin şəxslər məsələsinin həlli yalnız narahatlığın ifadə olunmasından daha çox artığını tələb edir. Bunun üçün institutlar, resurslar, peşəkar təcrübə və ən əsası əməkdaşlıq tələb olunur. Məhz burada bu konfransın mövzusu xüsusi əhəmiyyət kəsb edir: “İtkin düşmüş şəxslər probleminin həllində etimadın gücləndirilməsi və effektiv mexanizmlərin inkişaf etdirilməsi". Etimad yalnız sözlərlə yaranmır. Etimad məlumat mübadiləsi aparıldıqda, ailələr cavab aldıqda, insan qalıqlarının axtarılması, aşkar edilməsi, identifikasiyası və ailələrə qaytarılması zamanı yaranır. Etimad tərəflər arasında siyasi fikir ayrılıqları davam etsə belə, onların əməkdaşlıq etdiyi zaman formalaşır. Məhz buna görə hesab edirəm ki, itkin şəxslər məsələsi həm də etimadın yaradılması və barışıq üçün mühüm vasitə ola bilər. Ailələrin çəkdiyi əzab siyasi fikir ayrılıqlarının növbəti qurbanına çevrilməməlidir. Buna görə də bütün maraqlı tərəflərin vicdanlı və xoş niyyətlə əməkdaşlıq etmək məsuliyyəti var. Əməkdaşlıq praktiki və şəffaf olmalıdır".