Səyyar ASAN xidmət İsmayıllıda
Bakı, 8 oktyabr, AZƏRTAC
Səyyar ASAN xidmət avtobusu oktyabr ayının 1-dən İsmayıllı şəhəri Heydər Əliyev prospekti, 55 ünvanında vətəndaşlara xidmət göstərir.
Dövlət Agentliyindən AZƏRTAC-a verilən məlumata görə, İsmayıllı rayonunda 21 dəfə səyyar avtobus vasitəsilə xidmət gerçəkləşib. Bu dövr ərzində 72 min 830 vətəndaş müraciəti daxil olub.
Səyyar şəkildə göstərilən xidmətlər Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən təqdim olunur.
Səyyar ASAN avtobusunun növbəti dayanacağı Ucar rayonu olacaq.
2013-cü ildən həyata keçirilən Səyyar ASAN xidmət vasitəsilə ümumilikdə 3 milyon 427 mindən çox, 2026-cı il ərzində isə 141 min 858 vətəndaş müraciəti daxil olub.
Xatırladaq ki, “ASAN xidmət” mərkəzlərinin olmadığı regionlardakı əhaliyə xidmətlərin çatdırılması və onların mərkəzlərə gəlmədən xidmətlərdən yararlanması üçün xüsusi təchiz edilən 10 xüsusi avtobus vasitəsilə səyyar formada əhaliyə xidmət göstərilir. Əsas məqsəd dövlət xidmətlərinin hər kəs üçün daha rahat, innovativ üsullarla və əlçatan şəkildə təqdim edilməsidir. Bu xidmət vətəndaş məmnunluğunu təmin etməklə yanaşı, dövlət xidmətlərinin daha geniş kütləyə sürətli və bərabər şəkildə çatdırılmasına imkan yaradır.