Azərbaycan və Gürcüstan iqtisadi əməkdaşlığın inkişaf perspektivlərini nəzərdən keçirib
Tbilisi, 8 oktyabr, AZƏRTAC
Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev Gürcüstanın İnvestisiya Agentliyinin baş direktoru Mixeil Xidureli ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, görüşdə Azərbaycan ilə Gürcüstan arasında iqtisadi və investisiya əməkdaşlığının cari vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub.
Bildirilib ki, Azərbaycanın uzun illər ərzində Gürcüstan iqtisadiyyatına ən iri sərmayə yatıran ölkələrdən biridir. Gürcüstanın investisiya mühiti, mövcud imkanlar və qarşılıqlı investisiyaların artırılması üçün fikir mübadiləsi aparılıb.
Tərəflər ikitərəfli iqtisadi əməkdaşlığın daha da genişləndirilməsi, yeni investisiya layihələrinin təşviqi və həyata keçirilməsi, eləcə də biznes dairələri arasında əlaqələrin gücləndirilməsi istiqamətində mövcud imkanları nəzərdən keçiriblər.
Görüş zamanı qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.