Tarixçi-alim: Qarabağın xristian əhalisi Alban-Qıpçaq nəsillərinin nümayəndələri olub
Bakı, 8 oktyabr, AZƏRTAC
XIX əsrin əvvəllərinədək Qarabağ ərazisində yerli türk-müsəlman əhalisi ilə yanaşı yaşayan xristian əhali Alban-Qıpçaq nəsillərinin nümayəndələri olub. Qarabağın beş xristian məlikliyinin əhalisi dini baxımdan mərkəzi Gəncəsər monastırı olan Alban Apostol Kilsəsinə, siyasi baxımdan isə Qarabağ xanına tabe olub.
Tarix üzrə fəlsəfə doktoru Elnur Nəciyev AZƏRTAC-a açıqlamasında bildirib ki, həmin dövrədək Qarabağ ərazisində erməni kəndi və ya qəsəbəsi, eləcə də erməni sakini olmayıb. Onun sözlərinə görə, hazırda Azərbaycanın qərbində yaşayan ermənilər vaxtilə Azərbaycandan xeyli uzaqda – Yuxarı Fərat çayı hövzəsində yaşayıblar. 1441-ci ildə erməni katolikosluğunun mərkəzinin İrəvan (Çuxursəd) bölgəsinə köçürülməsinə qədər bu ərazidə ermənilərin məskunlaşmasına dair məlumat yoxdur. Erməni katolikosluğunun köçürüldüyü Üçkilsə kəndi isə 1443-cü ilədək yerli türk boylarının yaşadığı qədim yurd yeri olub.
E.Nəciyev qeyd edib ki, XIX əsrin əvvəllərindən Çar Rusiyasının Qafqazda hərbi-siyasi mövqeyinin güclənməsi nəticəsində ermənilərin Azərbaycan torpaqlarına köçürülməsi sistemli xarakter alıb. Türkmənçay (1828) və Ədirnə (1829) müqavilələrindən sonra qısa müddət ərzində yüzlərlə erməni ailəsi Qarabağ ərazisinə köçürülüb. Onlar Qarabağ ərazisinə köçürülən ilk ermənilər olub.
Tarixçi bildirib ki, çar hökuməti ermənilərin köçürülməsi prosesinə rəhbərliyi əslən erməni olan çar zabiti Qazaros Lazaryana tapşırıb. 1827-ci ilin oktyabrında İrəvanı işğal edən Rusiya bu ərazidə əvvəlcə “Erməni vilayəti”, daha sonra isə 1849-cu ildə İrəvan quberniyası yaradıb.
E.Nəciyevin sözlərinə görə, həmin dövrdə bir sıra arxiv sənədlərində və xəritələrdə İrəvan və onun ətrafındakı torpaqlar Azərbaycan ərazisi kimi əks olunub.
Müxbir-Xatirə Cəfərova