DİM-lərin icrasında Azərbaycan təcrübəsi: 10 illik fəaliyyət və qlobal çağırışlar
Bakı, 8 oktyabr, AZƏRTAC
Azərbaycan Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) icrasına artıq 10 ildir ki, sistemli şəkildə töhfə verir. Bu müddətdə ölkədə 40-a yaxın dövlət proqramı, strategiya və fəaliyyət planı DİM-lərin məqsəd və hədəfləri ilə əlaqələndirilib.
AZƏRTAC xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müşaviri Hüseyn Hüseynov “Davamlı inkişaf siyasəti” adlı dərsliyin təqdimat tədbirində çıxışı zamanı deyib. O bildirib ki, Azərbaycan 2016-cı ildə Dayanıqlı İnkişaf Məqsədlərinin icrasına qoşulub və Prezidentin Fərmanı ilə Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurası yaradılıb. Şuranın əsas fəaliyyət istiqamətlərindən biri cəmiyyətin DİM-lər barədə məlumatlılığının artırılması olub.
“Dayanıqlı İnkişaf Məqsədləri 17 məqsəd, 169 hədəf və 244 göstəricidən ibarət geniş gündəliyi əhatə edir. Bu gündəlikdə hər bir vətəndaşın gündəlik həyatında qarşılaşdığı məsələlər öz əksini tapır. Ona görə də prosesə ilk növbədə maarifləndirmə ilə başladıq.
Artıq gündəliyin icrasının 10 ili geridə qalıb, 5 il isə qarşıdadır. Lakin qlobal nəticələr göstərir ki, qarşıda ciddi çağırışlar var. BMT-nin son qiymətləndirmələrinə əsasən, məqsədlərin yalnız 35 faizinin icrası müsbət istiqamətdədir, 65 faiz üzrə isə irəliləyiş yetərli deyil. Hətta bəzi göstəricilər üzrə geriləmə müşahidə olunur. Bu isə bütün dövlətlərin və maraqlı tərəflərin səylərini daha da artırmasının vacibliyini göstərir”, - deyə o bildirib.
Onun sözlərinə görə, Azərbaycanın əldə etdiyi nəticələr isə davamlı inkişafın iqtisadi, sosial və ekoloji komponentlərinin dövlət siyasətinə inteqrasiyasının nəticəsi kimi qiymətləndirilə bilər. Ölkəmizdə yoxsulluğun azaldılması və regional inkişaf, eləcə də yoxsulluğun azaldılması və davamlı inkişaf üzrə dövlət proqramlarının icrası ilə Minilliyin İnkişaf Məqsədləri üzrə götürülmüş öhdəliklər yerinə yetirilib.
“Bu gün Azərbaycanda 40-a yaxın dövlət proqramı, strategiya və fəaliyyət planı Dayanıqlı İnkişaf Məqsədlərinin məqsəd və hədəfləri ilə əlaqələndirilib. Azərbaycanın Milli İnkişaf Prioritetlərində də DİM-lərlə əlaqələndirməni göstərən xüsusi mexanizm formalaşdırılıb.
Ölkəmizin irəli sürdüyü mühüm təşəbbüslərdən biri mina fəaliyyətinin ayrıca məqsəd kimi gündəmə gətirilməsidir. İşğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsi məsələsi ilə bağlı 18-ci Dayanıqlı İnkişaf Məqsədinin formalaşdırılması təşəbbüsü irəli sürülüb. Bu çərçivədə 5 məqsəd və 18 göstəricidən ibarət çərçivə hazırlanıb. Dünyada mina və partlamamış sursatlardan əziyyət çəkən 70-ə yaxın ölkənin olduğu nəzərə alınaraq, məsələ 2024-cü ildə BMT platformasında da gündəmə gətirilib”, - deyə Hüseyn Hüseynov bildirib.
O qeyd edib ki, hazırda Azərbaycanda Dayanıqlı İnkişaf Məqsədlərinin lokallaşdırılması istiqamətində də işlər aparılır. Pilot şəhərlər kimi işğaldan azad olunmuş Şuşa və Naxçıvan şəhərləri seçilib. Hər iki şəhər üzrə yol xəritələri hazırlanaraq imzalanıb və onların icrasına 2027-2028-ci illərdə başlanılması nəzərdə tutulur. Bu yanaşma DİM-lərin yalnız ölkə səviyyəsində deyil, hər bir şəhər və yaşayış məntəqəsində reallaşdırılmasına və “heç kimin geridə qalmaması” prinsipinin təmin edilməsinə xidmət edir.